Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Bu barədə Lent.az-a Şuradan məlumat verilib. Gündəlikdə duran məsələlər haqqında məlumat verən Şura sədri, millət vəkili Azay Quliyev qurumun xarici QHT-lər üçün elan etdiyi II qrant müsabiqəsinin nəticələri, 2014-cü ilin II rübündəki fəaliyyəti və vətəndaş cəmiyyəti sektorunda mövcud problemlər haqqında danışıb. Azay Quliyev ötən rüb ərzində Şuranın dəstəyi ilə Azərbaycanın milli maraqlarının müdafiəsi istiqamətində bir sıra mühüm beynəlxalq tədbirlərin keçirildiyini bildirib.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov qurumun 2014-cü ilin II rübü ərzindəki fəaliyyətinə dair hesabatın Şura üzvlərinə təqdim edildiyini bildirərək sənədin ayrı-ayrı fəsilləri haqqında ətraflı məlumat verib. F. Qurbanov Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasında əksini tapan bütün sahələr üzrə Şuranın 2014-cü ilin II rübü ərzində gördüyü işlər haqqında danışıb. Keçən dövr ərzində Şuranın aylıq “Vətəndaş cəmiyyəti” jurnalının 3 nömrəsi nəşr olunub ki, burda ümumilikdə 160-dan çox QHT-nin fəaliyyəti, həyata keçirdiyi layihə və proqramlar haqqında xəbər və müsahibələr verilib, ictimai sektorla bağlı çoxsaylı mövzular işıqlandırılıb.
Rüb ərzində Şuranın 3 iclası keçirilib və bir sıra mühüm qərarlar qəbul edilib. Şuranın xarici QHT-lər üçün qrant proqramı çərçivəsində dəstəklədiyi layihələr çərçivəsində ötən rüb ərzində Azərbaycanın milli mənafelərinin müdafiəsi istiqamətində mühüm beynəlxalq konfrans və tədbirlər də keçirilib.
Şuranın II qrant müsabiqəsi çərçivəsində 5 mövzu üzrə 15 dövlətdən 42 layihə təklifi qəbul edilib, onlardan 22-si haqqında ekspertlər müsbət rəy verib.
Hesabat ətrafında çıxış edən Şura üzvləri 2014-cü ilin II rübü ərzində görülən işləri qənaətbəxş hesab etdiklərini bildirərək, təklif və rəylərini səsləndiriblər. Şura üzvləri həmçinin 22 xarici ölkə QHT-sinin layihəsinin dəstəklənməsi ilə də bağlı qərar qəbul ediblər.