QHT Əməkdaşlıq Alyansı Xocalı qətliamının 21-ci ildönümü ilə bağlı yerli və beynəlxalq kampaniya çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə 26 fevral tarixində “28 Mall” ticarət mərkəzində təqdimat və açılış mərasimi keçirib. Lent.az-ın məlumatına görə, mərasimi giriş sözü ilə “Region” Beynəlxalq Analitik Mərkəzin rəhbəri, QHT Əməkdaşlıq Alyansının İH-nin üzvü Razi Nurullayev açıb. Bildirib ki, Xocalı kampaniyası çərçivəsində keçən ildən başlanan tədbirlər davam etməkdədir. Kampaniya nəticəsində keçən il internet üzərindən 100 min insana ismarışlar çatdırılıb. Onun sözlərinə görə, bu il bu rəqəm iki dəfə artacaq və bu artım daha çox xarici vətəndaşları da əhatə edəcək. Həmçinin hazırlanan videolar Xocalı soyqırımının tanınmasında əvəzsiz rol oynayacaq”.
QHT Əməkdaşlıq Alyansının həmsədri Rufiz Qonaqov bildirib ki, kampaniya çərçivəsində hazırlanan materiallar və video-çarxlar həm innovativdir, həm də konkret məqsədlərə qulluq edir. Kampaniya çərçivəsində Azərbaycan və ingilis dillərində hazırlanan video-çarxlar həm monitorlarda göstərilir, həm də internet üzərindən yayılmaqdadır.
Alyansın digər həmsədri Rəfail Becanov ,“Yeni Həyat” Humanitar Sosial Dayaq İB-nin sədri, QHT Əməkdaşlıq Alyansının xarici əlaqələr üzrə katibi Nailə İsmayılova, “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri, QHT Əməkdaşlıq Alyansının ictimaiyyətlə əlaqələr üzrə katibi Mahirə Əmirhüseynova, QHT rəhbərləri, millər vəkilləri və digər iştirakçılar kampaniyanın əhəmiyyətindən danışıblar və Xocalı soyqırımının daha çox tanıdılması üçün daha effektli tədbirlərin keçirilməsi üçün öz təkliflərini səsləndiriblər.
Sonda QHT Əməkdaşlıq Alyansının üzvü olan Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatı (AGAT) və Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) üzvləri kampaniya çərçivəsində Xocalı həqiqətlərini əks etdirən canlı çəkdikləri rəsm əsərlərini nümayiş etdiriblər.