Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) dini icmalara maliyyə yardımı ayırmağı davam edir. Lent.az-ın DQİDK-ın saytına istinadən məlumatına görə, bu məqsədlə iyunun 1-də Dövlət Komitəsində maliyyə yardımı ayrılmış qeyri-islam dini icmaların sədrlərinin iştirakı ilə toplantı keçirilib.
Toplantıda Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dövlətin dini icmalara dəstəyinin bundan sonra da davam edəcəyini diqqətə çatdırıb. O, qeyd edib ki, 19 qeyri-islam dini icmaya 380 min manat maliyyə vəsaiti ayrılıb və həmin vəsait ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işinin daha da gücləndirilməsinə sərf ediləcək.
Qeyd edək ki, prezident İlham Əliyevin sərəncama əsasən, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon manat vəsait ayrılıb.