Bakıda olan bir qrup xarici ölkə şairi, mədəniyyət və incəsənət xadimi bu gün “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri, millət vəkili Qənirə Paşayeva ilə görüşüb. Lent.az-ın məlumatına görə, görüşün təşkilatçısı şair Xəyal Rza millət vəkilinə tədbir barədə ətraflı bilgi verib, gələcək planlardan danışıb. O, Qənirə Paşayevanın “Mikayıl Müşfiq” xatirə diplomuna layiq görüldüyünü açıqlayaraq, həmin diplomu və Mikayıl Müşfiqin kiçik büstünü ona təqdim edib.
Q.Paşayeva görüşdən və təltifdən məmnun olduğunu bildirərək, ədəbiyyat adına, Mikayıl Müşfiq adına görülən işlərin onun üçün böyük məna kəsb etdiyini vurğulayıb.
“5 iyun – Şairlər Günü”nün gələcəkdə beynəlxalq səviyyədə, daha böyük iştirakçı sayı və daha çox ölkənin təmsilçiliyi ilə keçirilməsini arzu etdiyini bildirib.