Sabitlik və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Bakı Əyləncə Mərkəzində Azərbaycanda orqan və toxumaların transplantasiyası olunmuş şəxslər üçün tədbir keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə iştirak edən millət vəkili Ceyhun Osmanlı, Mərkəzi Neftçilər Xəstəxanasının ürək-damar cərrahiyyəsi şöbəsinin rəhbəri Rəşad Mahmudov, Sabitlik və İnkişaf Mərkəzi idarə heyətinin sədri, Azərbaycanda ilk dəfə qaraciyər transplantasiyası yolu ilə şəfa tapan Rasim Məmmədov millət vəkili Qənirə Paşayevanın orqanlarını bağışlaması ilə bağlı vəsiyyətnamə yazmaq təşəbbüsünə qoşulmaları ilə bağlı qərar veriblər. Rəşad Mahmudov və Rasim Məmmədov bununla bağlı vəsiyyətnamələrini artıq sənədləşdirdiklərini bildiriblər və sənədi tədbir iştirakçılarına nümayiş etdiriblər. Millət vəkili Ceyhun Osmanlı isə öz daxili orqanlarının bağışlamağa hazır olduğunu əyani şəkildə bəyan edərək bu barədə sabah vəsiyyətnamə yazıb, notariusda təsdiqlədəcəyini deyib.
Tədbirdə ARDNŞ-in Sosial İnkişaf İdarəsinin səhiyyə departamentinin rəisi Fuad Əlizadə, Mərkəzi Neftçilər Xəstəxanasının ürək-damar cərrahiyyəsi şöbəsinin rəhbəri Rəşad Mahmudov, digər səhiyyə işçiləri, sənət nümayəndələri və transplantasiya yolu ilə şəfa tapan şəxslər iştirak edib. Sabitlik və İnkişaf Mərkəzinin idarə heyətinin sədri, Azərbaycanda ilk dəfə qaraciyər transplantasiyası yolu ilə şəfa tapan Rasim Məmmədov çıxış edərək xəstəlik zamanı yaşadığı çətinliklərdən söhbət açıb. O, həyatını Azərbaycan həkimlərinin öhdəsinə verdiyini və bundan peşman olmadığını deyib.
Mərkəzi Neftçilər Xəstəxanasının Transplantologiya və orqan köçürülməsi şöbəsinin müdiri Mircəlal Kazımi Azərbaycanda həyata keçirilən orqan köçürülməsi əməliyyatları, perspektiv və həllini gözləyən problemlər barədə geniş məruzə ilə çıxış edib. O, Azərbaycanda ilk dəfə qaraciyər və böyrəyin transplantasiyası eyni anda uğurla həyata keçirilməsində iştirak etdiyini vurğulayaraq belə əməliyyatların çətinliyindən danışıb. Həmçinin, orqan köçürülməsindən sonra xəstələrin şəfa taparaq, yenidən həyata qayıtmalarının sevincli olduğunu deyib.
Toplantıda çıxış edən Qənirə Paşayeva bir sıra gənc mütəxəssislərimizin bu sahədə yetişməsindən və uğurlu əməliyyatlarından danışıb. Bildirib ki, Azərbaycanda orqan köçürülməsi ilə bağlı 1999-cu ildə qəbul edilən qanunun yüksək səviyyədə həyata keçməsi ölkəmiz üçün vacib məsələlərdən biridir. Özünün də dünyadan köçdüyü təqdirdə orqanlarını xəstə insanlara vəsiyyət etməsi ilə bağlı vəsiyyətnamə yazdığını vurğulayan millət vəkili hər bir kəsi bu istiqamətdə vəsiyyətnamə yazmaqdan qorxmamağa da çağırıb.
Bir neçə il əvvəl Türkiyədə qaraciyər transplantasiyası nəticəsində şəfa tapan əməkdar artist Baloğlan Əşrəfov çıxışı zamanı bir çox xəstələrin Azərbaycan həkimlərinin sayəsində şəfa tapdıqlarını qeyd edib.
Rəsmi hissədən sonra sənətçilər konsert proqramları ilə çıxış ediblər.