Millət vəkili Qənirə Paşayeva 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə yeni çapdan çıxmış “Dünyanı dəyişən alimlər” kitabını uşaqlara hədiyyə edib. Lent.az-ın məlumatına görə, tədbirdə Qadın Jurnalistlər Assosiasiyasının sədri Sevil Yusifqızı, Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov, Qeyri hökumət təşkilatları Alyansının rəhbəri Rufiz Qonaqov, QHT rəhbərləri, “NAR Mobile” şirkətinin nümayəndələri, media işçiləri və başqaları iştirak edib.
Q. Paşayeva bildirib: “Bu kitabı nəşr etməyimizə əsas səbəb uşaqların, gənclərin elmə daha da meyllənməsinə dəstəkdir.”.
Tədbirdə çıxış edən V.Abbasov kitabın müəllimlər və şagirdlər üçün stolüstü kitab olacağını deyib: “Bu gün uşaqlarımız akademik dildə yazılan kitablardan imtina edirlər. Bu səbəbdən də kitabı sadə dildə nəşr etdik”.
S. Yusifqızı Q. Paşayevanın çox yaxşı layihəyə imza atdığını bildirib: “Qənirə xanımın bu layihəsini dəstəkləyirəm. Bu kitab uşaqlar üçün gözəl töhvədi. Bu kitabın köməkliyi ilə uşaqlarımız düzgün mövqe tuta bilərlər”.
Qeyd edək ki, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin və “NAR Mobile”nin dəstəyi ilə “Elm və Təhsil” nəşriyyatında işıq üzü görən “Dünyanı dəyişən alimlər” kitabı bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil edilən “İstedadlı uşaqlar festivalı -2013" çərçivəsində də təqdim olunub. 100 alimin həyatından bəhs edən kitab 2 cilddən ibarətdir.