Türkiyədə səfərdə olan millət vəkili Qənirə Paşayeva İstanbul Universitetinin rektoru, professor Dr. Mahmut Ak ilə görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə millət vəkili Azərbaycan ilə Türkiyə arasında əlaqələrin bütün istiqamətlərdə daha da inkişaf etməsinin sevindirici olduğunu deyib. Millət vəkili Qənirə Paşayeva Azərbaycan universitetləri ilə Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlığın getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib.
Q.Paşayeva İstanbul Universitetinin rektoruna Azərbaycan həqiqətləri barədə danışıb. Azərbaycanı çox sevdiyini deyən İstanbul Universitetinin rektoru, professor Dr. Mahmut Ak qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən məmnunluğunu ifadə edib.
Görüşün sonunda Q.Paşayeva İstanbul Universitetinin rektoru, professor Dr. Mahmut Ak Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı materiallar və müəllifi olduğu kitabları hədiyyə edib.