Bu il qəbul imtahanlarında dövlət sifarişli yerlərdə müəyyən ixtisaslar üzrə artım ola bilər. Lent.az-ın məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Nazirlər Kabineti tərəfindən təsdiq olunan dövlət sifarişli yerlər üzrə ali məktəblərə 3 illik qəbul planı olduğu kimi qalıb: “Dövlət sifarişli yerlərdə dəyişiklik yalnız müəyyən ixtisaslarda artma ilə ola bilər, azalma olmayacaq. Qəbul prosesi zamanı əsasən, müsabiqə vəziyyəti dövlət sifarişli yerlərdə yaranır, ona görə də abituriyentlərə və onların valideynlərinə dövlət sifarişli yerləri indidən nəzərdən keçirməyi məsləhət görürəm. Valideynlər bilməlidirlər ki, hansı ali məktəblərdə övladının seçdiyi ixtisas üzrə qəbul planı çoxdur və gəncin qabiliyyətinə uyğundur”.
M. Abbaszadə deyib ki, ödənişli təhsil formasında həm dövlət, həm özəl ali məktəblərdə kifayət qədər yer var: “Ötən ilin qəbulunun nəticələrinə əsasən, ödənişli ixtisaslarda qəbul planları I qrupda 150 bala endirildi, o biri qruplarda da ballar aşağı salındı. Kim ödənişli təhsil almaq istəyirdisə, onlar çox az balla seçdikləri ali məktəbə qəbul ola bildi. Lakin belə faktlar da olub ki, 200-300-dən yuxarı bal toplayan və dövlət sifarişli yerlərə qəbul olmayan şəxslər texnikumlarda dövlət hesabına təhsil almağa üstünlük verirdi”.
M. Abbaszadə deyib ki, bu il “İnformasiya kommunikasiya ili” olduğundan bu il ali məktəblərə qəbul planında bu ixtisaslara üstünlük veriləcək. “Çox istərdim ki, uşaqların gənclərin istəkləri, prioritetləri bu sahəyə yönəlsin, lakin bunu hər bir gənc özü istəməlidir” - deyə, TQDK sədri əlavə edib.