“Ayrı-ayrı bölgələri təmsil edən abituriyentlərin imtahan fənləri üzrə cavablarının təhlili göstərir ki, fənlər üzrə ən yüksək nəticə bütün illərdə əsasən Bakı şəhərində, eləcə də respublikanın ayrı-ayrı bölgələrində fəaliyyət göstərmiş türk liseylərinə məxsusdur”. Lent.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, ikinci yerdə birbaşa Təhsil Nazirliyinin tabeliyində olan liseylər gəlir. O qeyd edib ki, türk liseylərinin göstəriciləri Təhsil Nazirliyinin tabeliyində olan liseylərin göstəricilərindən 1.2 – 1.4 dəfə yüksəkdir.
“Fənlər üzrə şəhər və rayon təhsil şöbələrinin göstəricilərinin təhlili göstərir ki, kənd rayonlarının bir çox fənlər üzrə göstəriciləri Bakı və Sumqayıt şəhərlərinin göstəricilərini qabaqlayır. Belə rayonlara misal olaraq Qax, Salyan, Qəbələ və Neftçala rayonlarını göstərmək olar. Bunun obyektiv səbəblərindən biri kimi qəbul imtahanlarında bu şəhərlərin məzunlarının daha çox hissəsinin, rayonların isə yalnız seçilən məzunlarının iştirak etməsini göstərmək olar. Məsələn, 2014-cü ildə Bakı şəhəri üzrə məzunların 85.15 faizi, Sumqayıt şəhəri üzrə 85.37 faizi qəbul imtahanlarında iştirak edib. Yüksək göstəricili rayonlar üzrə isə (Qax rayonu istisna olmaqla) məzunların ən yaxşı halda 50-60 faizi ali təhsil müəssisələrinə sənəd verib”.
TQDK sədri onu da vurğulayıb ki, ötən il ən yüksək nəticəni Azərbaycan bölməsində Qax rayonu, rus bölməsində isə Bakı şəhərinin abituriyentləri əldə ediblər. “Əlbəttə, bunda həmin şəhərlərdə və rayonlarda dərs deyən müəllimlərin, şəhər və rayon rəhbərliyinin və təhsil şöbəsi işçilərinin mühüm rolu var. Ümumiyyətlə, gənclərimizdə oxumaq, öyrənmək həvəsi və potensialı olduqca yüksəkdir. Bunun reallaşdırılması isə birinci növbədə təhsil işçilərindən asılıdır. Burada təhsil işinin düzgün qurulması, müəllimlərin işə vicdanlı münasibəti, günün tələblərinə uyğun dərslik və dərs vəsaitlərinin hazırlanması və vaxtlı-vaxtında şagirdlərə çatdırılması mühüm amillərdir”.