Nəcəf Müseyiblinin rəhbərlik etdiyi “Qədim Qəbələ” arxeoloji ekspedisiyası tərəfindən Qəbələdə aparılan son arxeoloji araşdırmalar zamanı yeni abidələr aşkar olunub. Lent.az-ın məlumatına görə, e. ə. IV minilliyin birinci yarısına aid Qalayeri qədim yaşayış məskənində əvvəlki illərdə aparılmış qazıntı işləri bu il də davam etdirilib. Öz kökləri ilə Ön Asiyaya bağlı olan Leylatəpə arxeoloji mədəniyyətinə məxsus Qalayeri yaşayış məskənində aşkar edilmiş gil qatlarından qurulmuş tikili qalıqlarının analoqları Azərbaycan və bütövlükdə Qafqaz abidələrindən məlum deyil.
Ekspedisiya rayon ərazisində arxeoloji kəşfiyyat işləri də aparıb və əvvəllər elmə məlum olmayan yeni abidələr aşkarlayıb. İlk növbədə Dizaxlı kəndi yaxınlığında, Qaraçayın hündür sağ sahilində aşkar edilmiş Daş dövrünün qədim mərhələsinə - alt paleolit dövrünə aid daş alətləri xüsusilə qeyd etmək lazımdır. Yaşı 450-500 min il olan qədim Aşel mərhələsinə aid iri qaşov-iskənə və çopper tipli bu alətlərin aşkar edildiyi “Qızlar qalası” adlı sahə çox güman ki, ibtidai insanların açıq tipli düşərgəsi olub.