Qazax rayon İcra Hakimiyyəti şəhərin mərkəzindəki “Mütəfəkkirlər” parkından tanınmış yazıçıların büstlərinin götürülməsi ilə bağlı yayılmış informasiyalara münasibət bildirib. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Sərman Nağdəliyev APA-ya bildirib ki, büstlər parkın yaxınlığında ədəbiyyat muzeyinin tikintisi zamanı abidələrə hər hansı ziyanın dəyməməsi üçün müvəqqəti olaraq götürülüb: “Bildiyiniz kimi, 2012-ci ilin aprel ayında ölkə başçısı Qazaxa səfər edib. Səfər zamanı bir sıra obyektlərin açılışı olub. Bundan sonra prezident İlham Əliyev rayonun sosial-iqtisadi inkişafı üçün 2, ədəbiyyat muzeyinin tikintisi üçün isə 5 milyon manat vəsait ayırıb. Hazırda həmin ədəbiyyat muzeyi şəhərin mərkəzində “Mütəfəkkirlər” parkının yaxınlığında inşa olunur, ərazidə inşaat işləri görülür. Bu səbəbdən də parkda məşhur şəxsiyyətlərin büstləri hər hansı xələl gəlməməsi üçün, inşaat işləri zamanı qorunsun deyə götürülüb. Həmin büstlər Qazaxdakı Toxuculuq Fabrikinin həyətində saxlanılır”.
RİH başçısının birinci müavini onu da qeyd edib ki, Toxuculuq Fabriki daim mühafizə olunur: “Toxuculuq fabrikində onlarla əməkdaş işləyir, oranın mühafizəçiləri var. Abidələri mühafizə edirik və muzey tikiləndən sonra, park tam hazır vəziyyətdə olan kimi büstlər əvvəlki yerlərinə qoyulacaq”.