Qarlı aşırımda gizlənən Cek - “TAMAŞA DÜNYA”
22 yanvar 2013 15:32 (UTC +04:00)

Qarlı aşırımda gizlənən Cek - “TAMAŞA DÜNYA”

Lent.az-ın “Tamaşa dünya” layihəsində növbəti fotoreportaj Quba rayonunun Cek kəndindən və bu kəndə aparan sıldırımlı yollardandır. Layihəni tanınmış fotoreportyor Abbas Atilay aparır.

 

Qubadan Xınalıq kəndinə, bir mədəniyyətdən başqa bir mədəniyyətə olan yolun uzunluğu 57 km-ə yaxındır. Xınalıqlılar və bu yol üzərində yerləşən kənd sakinləri bu yolu hər gün istifadə edir. Yol o qədər də uzun olmamasına baxmayaraq, hava yaxşı olarsa rayon mərkəzindən Xınalığa 1,5 – 2 saata çatmaq olar. Turistlər üçün bu yol ekzotik gözəlliyə malikdir, insan dörd göz olub ətrafı seyr etmək istəyir. Yerli insanlar üçünsə yolun əziyyətləri təbiətin ekzotikasını kölgədə qoyub.

 

Yolun çox hissəsi sıldırım qayalıqlar arasından keçdiyi üçün olduqca təhlükəlidir. Dağın ətəyindən keçən eni 3-4 metrlik yollar təqribən dərinliyi yüz metrdən artıq olan dərələrə boylanır. Maşınların dərəyə yuvarlanması üçün kənara bir metr əyilməsi kifayətdir. Hər il bu yollarda ağır qəzalar baş verir.

 

Qış fəslində bu yollar nabələd sürücülər üçün bir fəlakətdir. Yollara yağan qar ensiz yolu bir az daha təhlükəli edir. Ona görə bu fəsildə sükanı yerli sürücülərə tapşırmaq məsləhətdir. Onlar bu yola daha çox bələddirlər. Bunu mən elə bu yolda müşahidə etdim. Xınalıqdan rayon mərkəzinə qayıdarkən Cek kəndi yaxınlığında dumana düşdük. Belə ki, 3 metr qabağı görmək olmurdu. Yolun isə daha təhlükəli hissəsində idik. Buna baxmayaraq maşının sürəti təqribən saatda 40-60 arasında dəyişirdi.

 

Cek kəndi demişkən, bu kənd Xınalığa qədər yolda sonuncu kənddir. Kənddə təqribən 40 ailə yaşayır. Ceklər Şahdağ xalqlarına aid edilir, öz dillərində danışırlar. Amma deyilənə görə hər il bu kənddən başqa yerlərə bir daha qayıtmamaq şərti ilə köç edilir. Bu da ki, qayalar üzərində salınmış çoxəsrlik yaşayış yerinin dağılmasına gətirib çıxarır.

 

Kənd əhalisi əsasən heyvandarlıqla məşğuldur. Yay mövsümündə isə yol kənarlarında əllərində ipəkdən dəsmallar, qış üçün əlcək, corab, dağlardan yığılmış otlar, çiçəklər olan balaca uşaqlar görmək olar. Onlar turistlərə bu məhsulları satır və həyatlarına rəng qatırlar.
 

P.S.: İmkan daxilində qış fəslində də olmasa başqa fəsillərdə bu əraziləri görməyi sizə məsləhət görərdim. İnsanlar olduqca mehriban, təbiət olduqca füsunkardır. Yol xərci də o qədər çox deyil...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2745

Oxşar yazılar