Qarabağ Seyid Ocaqları və “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Xocalı faciəsinin ildönümü münasibətilə tədbir keçirib. Lent.az-ın məlumatına görə, tədbirdə ilk öncə “Qarabağa doğru - Haqqın və haqqımızın səsi” layihəsinə dəstək olaraq, Ağdamda işğaldan öncə səslənən azan səsi dinlənilib. Sonra “Yeni Üfüq” İctimai Birliyinin gənclər şöbəsinin rəhbəri Elvin Süleymanov çıxış edərək bu İlahi səsin tezliklə xalqımızı doğma Qarabağa götürəcəyinə əmin olduğunu bildirib. “Qarabağ Seyid Ocaqları”nın təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli isə öz çıxışında Xocalı faciəsinin bütün Türk-İslam dünyasının faciəsi olduğunu, hər bir ölkə vətəndaşının Xocalı faciəsinin unutdurulmaması üçün əməli fəaliyyət göstərməsinin vacib olduğunu vurğulayıb. O, bu gün səslənən Qarabağ azanının Azərbaycan insanının milli və mənəvi ruhunun dirçəlişinə səbəb olacağına, bütün inanclı kəsləri isə bu İlahi səsin təsiri ilə Qarabağın işğaldan azad olunması yolunda dövlətimizə yardımçı olmağa səsləyib. Tədbirdə Türkiyə səfirliyinin mədəniyyət müşaviri Seyid Əhməd Arslan çıxış edərək Qarabağ azanından çox təsirləndiyini bildirib.
Xocalı şəhidlərinin əziz ruhlarına Quran oxunaraq, sonda ehsan süfrəsi verilib.