Ekoloji qanun pozuntusu ilə bağlı materiallar Baş Prokurorluğa göndərilib. Lent.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir ki, Ağstafa rayonu ərazisində yaşıllıqların məhv edilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Araşdırma zamanı Ağstafa rayonu, Eynallı bələdiyyəsinin mülkiyyətinə məxsus 4 hektar torpaq sahəsində qanunsuz suvarma arxının çəkildiyi və münbit torpaq qatının korlandığı, kök üstə yaş 3 ədəd söyüd ağacının kəsildiyi aşkar edilib. Təbiətə 4970 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.
Faktla bağlı rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi İltifat Əliyev barəsində akt tərtib edilib.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanuna müvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.