Azərbaycanda ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) maliyyələşdirən və Kaunterpart İnterneşnl təşkilatının həyata keçirdiyi Qadın İştirakçılığı Proqramı (QİP) üzrə “Yerli İdarəetmədə Qadın Liderliyi (YİQL)” adlı layihəsi çərçivəsində Abşeron rayon İcra Hakimiyyətində tədbir olub. Lent.az-ın məlumatına görə, tədbir “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyi tərəfindən keçirilib.
Tədbiri Abşeron rayon İcra Hakimiyyətinin başçısının müavini İradə Gülməmmədova açaraq “Yerli İdarəetmədə Qadın Liderliyi” adlı layihənin əhəmiyyətini vurğulayıb, tədbirin vacibliyi haqqında danışıb və dəyirmi masanın iştirakçılarına onların liderlik fəaliyyətinə uğurlar arzulayıb.
Layihə rəhbəri və “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin sədri Lyudmila Xəlilova “Yerli İdarəetmədə Qadın Liderliyi” adlı layihə, onun məqsəd və vəzifələri haqqında geniş məlumat verib. O qeyd edib ki, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası qəbul edilib ki, onun başlıca strateji məqsədi mövcud imkan və resursları nəzərə almaqla, Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi, insanların bütün hüquq və azadlıqlarının tam təmin olunması və vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusu ilə səciyyələnən inkişaf mərhələsinə nail olmaqdır.
Tədbir iştirakçıları layihənin vacibliyini vurğulayaraq, qadın liderliyi, qadınların səlahiyyətləndirilməsi və iştirakçılığı ilə bağlı prioritet məsələləri müzakirə ediblər.