Qənirə Paşayeva parlamentdə təhsil krediti məsələsini qaldırıb
01 fevral 2017 15:28 (UTC +04:00)

Qənirə Paşayeva parlamentdə təhsil krediti məsələsini qaldırıb

 "Maddi imkansızlığa görə ali təhsilini buraxmaq məcburiyyətində qalan və belə çıxılmaz vəziyyətlə üzləşən gənclərin sayı artır".

 

Lent.az-ın  məlumatına görə, bunu millət vəkili Qənirə Paşayeva MM-də yaz sessiyasının gündəliyinin müzakirəsi zamanı deyib.

 

O bildirib ki, ali təhsil alan çox sayda gənc millət vəkillərinə müraciət edərək təhsil haqlarını ödəməkdə çətinlik çəkdiklərini və ali təhsili yarımçıq qoymaq məcburiyyətində qaldıqlarını deyirlər: "Amma təhsil kreditləri məsələsi bütün ali məktəbləri əhatə edəcək şəkildə yüksək səviyyədə öz həllini taparsa, həmin gənclər bu cür çıxılmaz vəziyyətdə qalmazlar. Aşağı faizlərlə uzun müddətə kredit alaraq təhsilini başa vurub, işləyəndə qaytarmağa başlayarlar və bu, təhsilin də, elmin də inkişafına özünün ciddi müsbət töhfələrini verə bilər”.

 

Q.Paşayeva vurğulayıb ki, kasıb, gəlirləri aşağı olan ailələrin savadlı övladlarının ali təhsil ala bilməsinə daha çox dəstək göstərilməlidir: “Bölgələrdə nə qədər kasıb ailələrin istedadlı uşaqları var və Bakıda yataqxanaların sayı az olduğundan ali məktəblərə daxil olmuş gənclərin xeyli hissəsi kirayələrdə qalaraq oxumağa məcbur olurlar. Kasıb ailələr övladlarının həm kirayə, həm yaşamaq, həm də təhsil haqqı ödənişini ödəməkdə ciddi çətinlik çəkirlər və bəzi gənclər bu səbəbdən ali təhsildən imtina edirlər. Bu, bizi ciddi narahat etməlidir. Biz həmin gənclərə daha çox dəstək göstərməliyik. Çünki bəzi ailələr övladları orta məktəbdə nə qədər yaxşı oxusalar da, bu qədər çətinliyi görüb övladlarına ali təhsil verməkdən vaz keçirlər və bu cür insanların sayının artması bizi ciddi narahat etməlidir . Azərbaycanda ali təhsil alan hər üç nəfərdən təxminən ikisinin ödənişli təhsil aldığını nəzərə alsaq təhsil kreditləri məsələsinin və bununla bağlı qanunun qəbul edilməsinin nə qədər önəmli olduğunu görə bilək. Mən təklif edirəm ki, bununla bağlı qanun layihəsi müzakirəyə çıxarılsın. Xüsusilə maddi imkanları zəif ailələrin istedadlı övladlarının ali təhsildən uzaqlaşmaması üçün bu istiqamətdə davamlı addımların atılması vacibdir ".

 

Millət vəkili MM-də Məşğulluq haqqında qanuna əlavə və dəyişikliklərin edilməsi təklifi ilə də çıxış edərək deyib ki, dövlət və özəl müəssisələrdə əlillərin işlə təmin olunması üçün ayrılan kvotanın artmasına böyük ehtiyac var.

 

 Parlamentdə əlillərin işlə təminatındakı problemlərdən danışan Q.Paşayeva qanunvericiliyi yerinə yetirməyərək əlilləri işə götürməyən müəssisə, qurum və şirkətlərə qarşı cəza tədbirlərinin sərtləşdirilməsi məsələsini də qaldırıb: “Əlillərin işlə təminatı və məşğulluğu sahəsində həllini gözləyən ciddi problemlər var və bu istiqamətdə qanunvericilik və icra orqanları səviyyəsində ciddi addımların atılmasına ciddi ehtiyac var. Ali təhsili olmayan əlillərlə bərabər nə qədər böyük çətinliklərlə ali təhsil alan əlillərin belə iş tapmaqda, işlə təmin olunmasında ciddi problemlər var və biz əlillərə daha çox dəstək göstərmək üçün bu istiqamətdə problemlərin sürətlə həllinə çalışmalıyıq. Çox təəssüf ki, bir sıra müəssisə, təşkilat və şirkətlər var ki, Məşğulluq haqqında qanunun əlillərlə bağlı kvotalar müddəasını lazımı şəkildə yerinə yetirmir və əlilləri işə götürməkdən imtina edirlər. Ona görə də bu qanunu yerinə yetirməyən müəssisə, təşkilat və şirkətlərə qarşı cərimələrin ciddi şəkildə artırılmasına ciddi ehtiyac var. Qanunvericiliyi bu istiqamətdə mütəmadi pozanlara qarşı cəza mexanizmləri daha sərt olmalıdır. Əlillərin daha çox işlə təminatı üçün addımlar atılmalıdır”.  

 

 

Millət vəkili MM-də həmçinin autizmli xəstələrin problemlərini qaldırıb, bu sahədə təcili olaraq qanun və proqramın qəbul olunmasına, bu uşaqların uzun sürən müalicə, təhsil, təlim və reabilitasiyası üçün ailələrə dəstək göstərilməsinə çağırıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 149
avatar

Oxşar yazılar