Prezidentlə görüşlərdən əldə etdiklərimiz - TƏƏSSÜRAT
28 noyabr 2013 17:26 (UTC +04:00)

Prezidentlə görüşlərdən əldə etdiklərimiz - TƏƏSSÜRAT

Məntiq axtarışında

 

Azərbaycanda qeyri-adi “ekspert qrupu” formalaşıb. Qeyri-adilikləri məntiqəzidd davranışlarıdır. Normalda, ekspert müəyyən bir sahə üzrə ixtisaslaşır, ixtisaslaşdığı sahə üzrə informasiya bankına sahib olur, obyekti üzrə səslənən fikirlərin doğru və ya yanlışlığını məntiqi izahlarla sübuta yetirir. Bu qrup isə sadalanan prinsiplərin hamısını pozur: sahələri universaldır - bir ay öncə, seçki dövründə siyasi ekspertlik funksiyası daşıyan bu şəxslər, ay tamam olmamış media eksperti rolundadırlar. Paralel olaraq, insan hüquq müdafiəçiliyi sahəsində ekspertlik də icra olunur. Arxivimdə bu şəxslərin iqtisadi inkişafa dair diletant fikirləri ilə dolu olan qəzet məqalələri də var...

 

KİV DF yarananda, Mətbuat Şurasının qurultayları keçiriləndə, media sahəsində hansısa dəyişiklik baş verəndə, proseslə bağlı olduğumdan, bu şəxslərlə debata çıxmaq, polemika aparmaq zərurəti yaranıb. Çıxışlarındakı paradoksları sübut etmək məqsədilə, onların məqsədlərini, hədəflərini, niyyətlərini təhlil edib nəticə çıxarmağa, davranış və nitqlərində məntiqi ardıcıllığı tutmağa çalışmışam. Axtarmışam, tapmamışam.

 

Qəzet arxivlərinə səthi ekskurs etmək kifayətdir ki, qrupda təmsil olunanların KİV-ə dövlət dəstəyinin zəruriliyini əks etdirən onlarca məqaləsini tapasan. Amma dövlət ictimai sifarişi nəzərə alıb KİV-ə dəstək üçün Fond yaradanda, mövqeləri dəyişdi, dövlət dəstəyinin “jurnalist etikasına zidd, zərərli olmasını” əsaslandırmağa çalışdılar. Mövqelərinin paradoksal olmasını isbat edən faktları ortaya qoyanda, dərhal başqa müstəviyə keçdilər, bu dəfə “Avropa standartları” gündəmə gəldi. Bu tezisin yanlışlığı, utopik düşüncələr üzərində qurulması da dərhal sübut edildi. Avropa dövlətlərinin əksərində dövlət dəstəyinin Azərbaycandakı modeli mövcuddur. Hansılar ki, “Freedom House” beynəlxalq hüquq müdafiə təşkilatının siyahısında adları medianın tam azad olduğu ölkələr siyahısındadır, dünyaya medianın azad inkişaf etdirilməsi üçün modeli kimi təqdim edilirlər: Avstriya, İsveç, Danimarka...siyahını n sayda uzatmaq mümkündür. Hətta debatımızın təşkil edildiyi “Azadlıq” radiosunun ABŞ dövləti tərəfindən maliyyələşməsini də efirdən arqument olaraq səsləndirdim. Fərq etmir, əks arqumentləri yoxdur, amma susmurlar, “dediyim dedikdir” prinsipi qüvvədədir!

 

İndi də media təmsilçilərinin Prezident İlham Əliyevlə görüşünü hədəf seçiblər. Artıq hətta yanlış, sistemsiz arqumentləri də yoxdur, görüşə qatılan media təmsilçilərinin ünvanına sadəcə söyüş, təhqir, hədyanlar səsləndirirlər. 

 

Adamların arqumentsiz, sistemsiz  tələb və təkliflərinə, iddialarına istinadən davranışlarının məntiqsiz, qeyri-ardıcıl olduğu qənaətinə gəlməyə tələsməyək.  Məqsədləri də, niyyətləri də tam aydındır.

 

Avroviziya təcrübəsi

 

2012-ci ildə ölkəmizi, millətimizi, maddi və mənəvi dəyərlərimizi dünyaya əyani təqdim etmək üçün şans yarandı. Avroviziya yarışmasının Azərbaycanda keçirilməsindən tarixi şans kimi yararlanmaq üçün hər kəs əlindən gələni etdi, təkcə məlum qrupdan başqa. Tədbirin təşkilatçılarından başlamış Avropa Yayım Birliyinə qədər bütün ünvanlara müraciət göndərdilər,  Azərbaycanın bu tədbiri təşkil etməyə “nə maddi, nə də mənəvi haqqının olmadığını” əsaslandırmağa çalışdılar. Tədbir yüksək səviyyədə keçirildi. Normalda qarşı tərəf susmalı, səhvlərini etraf etməli idi. Etmədilər. Avroviziya yarışmasının Azərbaycanda təşkil edilməsinin ən böyük faydalarından biri, bəlkə də, ölkə maraqlarına qarşı çıxan belə qüvvələrin ifşa edilməsi oldu. Bu xətt üzrə axtarış aparanda, ortaya tükürpədici faktlar çıxır. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzvlüyü müzakirə ediləndə BMT rəhbərliyinə və BMT strukturlarına ünvanlanan müraciətlər, Avropa Şurasına, Avropa Birliyinə göndərilən antiAzərbaycan ovqatlı  məktublar ictimailəşdikcə, məlum “ekspert qrupunun” davranışına təəccüblənməyə bilmirsən. Məktub və müraciətlərin motivi Azərbaycanın bu beynəlxalq strukturlara buraxılmasının qarşısının alınmasına yönəlib. Arqument zəifliyinə, məntiqsiz davranışlara baxmayaraq, ortada bir sistemli xəttin olması aşkar görünür: Azərbaycanın şərlənməsi...

 

Günümüzün reallığı

 

Bənzər yanaşma günümüzdə də qüvvədədir. Azərbaycan tarixi seçim ərəfəsində, perspektiv inkişafa doğru növbəti addımı atmaq anındadır. Prezident İlham Əliyev media təmsilçiləri ilə 24 noyabr görüşündə yaşadığımız dövrün reallıqlarını, həmçinin, perspektivə baxışı belə ifadə etdi: “Azərbaycanın qarşısında belə məqsəd qoyulub ki, Azərbaycan gələcəkdə inkişaf etmiş ölkələrin sırasına daxil edilsin. Belə olan halda Azərbaycanda media ilə bağlı məsələlər ən yüksək səviyyədə öz həllini tapmalıdır”. Təbii, beynəlxalq strukturlara, sivil dünyaya  inteqrasiya edən ölkələr qarşısında qoyulan meyarlar sırasında ilk yerdə söz və ifadə azadlığının qorunub inkişaf etdirilməsi şərti xüsusi önəm daşıyır. Cənab Prezident də bu reallığa uyğun hərəkət edərək, ölkəmizin və xalqımızın gələcəkdə layiqli yerini tutması üçün sistemli addımlar atır.  Media təmsilçiləri ilə birbaşa ünsiyyət qurur, inkişafa mane olan məqamların müəyyənləşdirilməsi və aradan qaldırılması üçün onların təklif və rəylərini dinləyir.   

 

Bəs qarşı tərəf nə edir? Məlum qrup yenə də fəaliyyətdədir. Tezislərin aşkar şəkildə ortada durmasına rəğmən, bu görüşün hansısa gizli maraqlara, daha doğrusu, guya “hakimiyyətin legitimləşdirilməsi üçün təşkil edilməsinə” dair iddialar irəli sürülür. Məqsədlərini də gizlətmirlər. Bu günlərdə maraqlı bir müraciətlə tanış oldum. Məlum qrupa aid olan təşkilat rəhbərlərindən biri əsası Avropa Şurasına, surəti digər beynəlxalq təşkilatlara ünvanlanmış müraciət yayıb. Müraciətdə açıq tekstlə qeyd edilir ki, Azərbaycan 2014-cü ilin mayında Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi qəbul edəcək. İmza müəllifi iddia edir ki, Azərbaycanın  bu statusu daşımağa haqqı yoxdur,  qarşısı alınmalıdır. İddianın əsassız, qondarma arqumentlərlə isbatına cəhd edilir. Məqsəd aydındır: problem medianın inkişafı və bu inkişaf yönündə atılan addımlar deyil, problem Azərbaycanın layiq olduğu statusları almasına mane olmaqdır.

 

Medianın durumu

 

Avropa məkanında mövcud olan dövlətləri təmsil edən aparıcı jurnalist təşkilatlarının növbəti konfransından  qayıtmağımdan bir həftə ötür. Kiyevdə təşkil edilən konfransın məqsədi  “Jurnalistikada cəzasızlığa qarşı gün” beynəlxalq kampaniyası ilə həmrəylik nümayiş etdirmək idisə də, Avropanın bütün qütblərini təmsil edən təşkilatların bir araya toplaşması fürsətindən yararlanıb bu məkanda medianın durumunu təhlil edən müzakirələr də keçirildi. Siyasi maraqları təmsil edən “Beynəlxalq jurnalist təşkilatları” yox idi deyə, açıq, səmimi, çərçivəsiz müzakirələr aparıb qoca qitədə mediaya münasibətin çılpaq mənzərəsini cızmağa imkan yarandı. Bənzər toplantılarda dəfələrlə iştirak etməyimə və media ilə bağlı prosesləri həssaslıqla izləməyimə rəğmən, son müzakirələr nəticəsində aldığım informasiyalardan heyrətlənməyə bilmədim.  Məsələn, Avropanın mərkəzində yerləşən, dünyaya “demokratiya dərsi keçən”  dövlətlərin bir qismində əmək haqqı verilməsində  cins ayrı-seçkiliyinin tətbiq edilməsi barədə informasiyalar, yəqin ki, oxucular üçün də təəccüblü olar. Belə yanaşma həmin ölkələrdə media strukturlarında çalışan xanım jurnalistlər üçün də keçərlidir. Azərbaycanda “media mütəxəssislərinin” dilinin əzbəri olan reklam gəlirləri məsələsi isə burada xüsusi ustalıqla həll edilib. Fantastik rəqəmlərlə ifadə olunan reklam dövriyyəsinin, heç demə, fantastik hissəsi məhz aşkar-gizli sahibkarların himayəsində olan media qurumlarına yönləndirilməklə, pulun bir cibdən digər cibə ötürülməsindən ibarətdir. Beləcə, problemlər siyahısı uzandıqca uzanır. Məqsədim Azərbaycanda medianın durumunun Qərbi Avropadan daha yaxşı olması kimi absurd iddia ilə çıxış etmək deyil.  Vurğulamaq istədiyim məqam, medianın heç bir ölkədə problemsiz olmadığını diqqətə çatdırmaqdır.  Fərq, ölkələrdən hansının bu problemlərin həll üçün iradə göstərməsindədir. Azərbaycan da  medianın müəyyən problemlərinin mövcudluğu baxımından başqalarından fərqli deyil. Fərq ondadır ki, başqa heç bir ölkədə daxildə həll edilməsi mümkün olan problemləri beynəlxalq səviyyəyə qaldırıb, bundan ölkənin şərlənməsi üçün istifadə olunmamasındadır. Azərbaycan yerləşdiyi coğrafi məkan, inkişaf istiqamətləri və şərtləri  baxımından müxtəlif qruplara daxil edilir. Bu qruplardan biri də Avropa Şərq Tərəfdaşlıq Proqramıdır. Qrupa daxil olan ölkələrdən ikisində, hələ də media üzərində dövlət nəzarətedici mexanizmi, nazirlik dayanır. Digərlərində də durum normal deyil, medianın özünütənzimlə mexanizminin formalaşması, maliyyə gəlirlərinin  şəffaf və yetərli  formalaşması, media sahibliyinin oliqarxların əlində cəmləşməsi, jurnalist təhlükəsizliyi və sair kimi aktual problemlər var. Belə durumda, media azadlığı indeksləri tərtib ediləndə, Azərbaycanın bu dövlətlər sırasında sonda göstərilməsinə, təəccüb etməmək mümkün deyil. 

 

Prezidentlə görüşlərdən əldə etdiklərimiz

 

Prezidentin geniş jurnalist auditoriyası ilə son üç il ərzində təşkil olunan təqribən dördüncü görüşü idi. 2010-cu ildə Mətbuat Şurasında, sonra Gülüstan sarayında, daha sonra jurnalistlər üçün tikilən binadakı mənzillərin təqdim olunması mərasimi və nəhayət 24 noyabr görüşü.  Bu görüş Prezidentin mediaya olan böyük diqqət və qayğısının göstəricisidir. Media işçiləri problemləri ilə bağlı Cənab Prezidentə informasiya verdilər. Biz Prezidentin artıq bu məsələlərdən xəbərdar olduğunun şahidi olduq. Dövlət başçısının qaldırılan məsələlərə  verdiyi reaksiya onu deməyə əsas verir ki, o, medianın problemləri ilə intensiv  maraqlanır və onların aradan qaldırılması üçün səy göstərir. Zənnimcə, prezident bu məsələlərin jurnalistlərin dilindən səslənməsinə üstünlük verdi və problemlərin sadalanması ilə yanaşı,  həm də mövcud durumun daha da normallaşdırılması yönündə təklifləri eşitdi.

 

Azərbaycanda medianın inkişafı üçün çox böyük addımlar atılır, mühüm işlər görülür. Daxil olduğumuz region dövlətləri və tarixən münasibətdə olduğumuz ölkələrlə müqayisə aparsaq, Azərbaycanda medianın inkişafı üçün bir çox gərəkli layihələrin həyata keçirildiyinin şahidi olarıq. Ölkəmizdə bu inkişafa dialoq vasitəsilə nail olunub. Ölkə rəhbərliyi ilə jurnalistlərin, media rəhbərlərinin bu cür səmimi diskussiyaları dəfələrlə keçirilib. Nəticə də göz qabağındadır. Nailiyyətlərin hər birinin səbəbi ölkə başçısının apardığı sağlam dialoqun üzərində qurulub. Ona görə də bu cür müzakirələrin, diskussiyaların davamlı olmasını arzu edirəm. Hesab edirəm ki, belə olan halda Azərbaycan mediası daha da irəli gedib ən böyük nailiyyətləri qazana bilər.

 

Müşfiq Ələsgərli,

Jurnalistlərin Həmkarlar İttifaqının sədri

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1067
avatar

Oxşar yazılar