Müharibəyə görə Ukraynanın əhalisi nə qədər azalıb?
23 avqust 2025 17:18 (UTC +04:00)

Müharibəyə görə Ukraynanın əhalisi nə qədər azalıb?

Ukraynanın əhalisi müharibə nəticəsində 10 milyon nəfər azalıb. Ölkədə 50 milyondan çox insanın yaşadığı dövrlər artıq keçmişdə qalıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, analitiklərin məlumatına görə, Rusiya tərəfindən başladılan müharibə Ukraynanın əhalisinin kəskin azalmasına səbəb olub. 2022-ci ilin əvvəlində ölkədə (Krım nəzərə alınmadan) 40 milyondan çox insan yaşayırdı.

2024-cü ilin ortalarına olan məlumata görə, Ukraynanın əhalisi 35,8 milyona düşüb, onlardan cəmi 31,1 milyonu Ukraynanın nəzarətində olan ərazilərdə yaşayır.

Miqrasiya

Ukraynalıların kütləvi şəkildə xaricə köçü əhalinin azalmasının əsas səbəbinə çevrilib. Təxminən 5 milyon nəfər əsasən Avropada olmaqla, ölkə hüdudlarından kənarda yaşayır. Ən çox ukraynalı Polşada, Almaniyada, Çexiyada, İtaliyada və İspaniyada məskunlaşıb.

Müharibə nə qədər uzanırsa, bir o qədər az insan, xüsusilə də hərbi çağırış yaşında olan kişilər geri dönməyi planlaşdırır. Hökumət isə müxtəlif stimullar nəzərdən keçirir — mütəxəssislərin rezervə götürülməsi, mənzil və işlə təmin olunma proqramları və s. lakin hələlik milyonlarla insan xaricdə həyat qurur.

Şərq və cənub bölgələri boşalıb — Donetsk, Luqansk, Xerson, Zaporojye və Xarkovdan milyonlarla insan köç edib. Mərkəzi və Qərbi Ukrayna milyonlarla daxili məcburi köçkünü qəbul etsə də, bu bölgələr də miqrasiya nəticəsində əhalisini itirib.

İtki və ölüm halları

Dəqiq statistika olmasa da, söhbət on minlərlə hərbçi və minlərlə dinc sakinin həyatını itirməsindən gedir. Cəbhəyanı rayonlarda əsasən yaşlı insanlar qalıb. Ölüm halları həm də zəifləmiş səhiyyə sistemi, stress və xəstəliklərin kəskinləşməsi səbəbindən artıb. 2023-cü ildə təxminən 495 min ölüm qeydə alınıb — bu, müharibədən əvvəlki illərlə müqayisədə üçdəbir çoxdur. Statistikaya görə, hər 100 doğuşa 280 ölüm düşür.

Doğum göstəriciləri tarixi minimumda

2023-cü ildə cəmi 180 min uşaq doğulub — bu, müasir tarixdə ən aşağı göstəricidir. Əsas səbəblər təhlükə, iqtisadi çətinliklər və gələcəyə inamsızlıqdır. Əhalinin cəmi 15%-i 18 yaşdan kiçik uşaqlardır, halbuki 60 yaşdan yuxarı insanların payı artıq 27%-dir. Ukrayna sürətlə qocalır və yeni nəsillərin sayı azalır.

Effektiv demoqrafik strategiyanın olmaması

2024-cü ilin sonunda 2040-cı ilə qədər Demoqrafik İnkişaf Strategiyası və 2024–2027-ci illəri əhatə edən fəaliyyət planı qəbul edilib. Lakin dövlət tədbirlərinin təsiri hələlik nəzərə çarpmır: doğuş zamanı verilən kiçik ödənişlər inflyasiya səbəbilə tez dəyərsizləşir, infrastruktur layihələri isə yavaş həyata keçirilir.

Proqnozlar

Hökumətin hesablamalarına görə, 2041-ci ilə qədər əhali 29 milyona qədər azala bilər. Amma bərpa ehtimalı da mövcuddur: yalnız sülh, iqtisadi sabitlik və ölkənin bərpası şəraitində. Qaçqınların qayıtması, təxirə salınmış doğum planlarının həyata keçirilməsi və layiqli həyat şəraitinin yaradılması demoqrafik artımın əsası ola bilər

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 392

Oxşar yazılar