Prezident Qəbələ Yay-Qış İstirahət Kompleksinin tikintisinin gedişi ilə maraqlanıb
28 fevral 2013 20:19 (UTC +04:00)

Prezident Qəbələ Yay-Qış İstirahət Kompleksinin tikintisinin gedişi ilə maraqlanıb

 

 

Prezident İlham Əliyev fevralın 28-də Qəbələdə “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin tikintisi ilə tanış olub. APA-nın xəbərinə görə, dövlət başçısına məlumat verilib ki, dağlıq ərazidə yerləşən, istirahət üçün bütün əlverişli şəraitə malik olan bu rekreasiya-turizm obyekti Qəbələ şəhərindən təxminən 4 kilometr aralıda yerləşir.

Kanat yolu və xizəkçilik kompleksi 8 stansiyadan ibarət olacaq. Birinci stansiya dəniz səviyyəsindən 950 metr, sonuncu stansiya isə 1920 metr hündürlükdədir. Artıq beş stansiyada quraşdırma işləri başa çatıb. Bir-birindən 1414 metr məsafədə və dəniz səviyyəsindən 1250 metr və 1650 metr hündürlükdə olan stansiyalarda quraşdırma işləri aparılıb.
 

Prezident İlham Əliyev kanat lifti ilə kompleksin ərazini gəzib.


Bildirilib ki, hazırda inşa edilən dağ-xizək idmanı bazasının bilavasitə yaxınlığında yerləşən “Qafqaz Resort” otel kompleksi üç otel binasından, SPA mərkəzindən, əyləncə parkından ibarət olmaqla, yay istirahəti üçün bütün imkanlara malikdir. Belə şəraitdə “Qafqaz Resort” otel kompleksində qış istirahət məkanının yaradılması, yəni otelin yaxınlığında dağ-xizək idman növləri üçün kompleksin inşa edilməsi bütün fəsillərdə ekskursiya və digər fəal istirahət imkanlarının mövcudluğu ilə yanaşı, otel yaxınlığında həm də qış idman növləri ilə məşğul olmağa imkan verəcək. Trassa sistemi hər bir qonağın onun üçün məqbul olan enmə zolağı, maillik və çətinlik dərəcəsini seçməsi üçün nəzərdə tutulub. Yamaclar “Everest” markalı xüsusi təyinatlı kipləşdirici qurğuların köməyi ilə möhkəmləndirilir. Dağ yamaclarının kənarı ilə və ya düzənlik sahələrdə enmə marşrutunun yaradılmasında bu texnikadan istifadə edilməsi səmərəli üsul olmaqla yanaşı, xizək sürənlərin  təcrübə toplamasına xidmət edəcək. İnşası nəzərdə tutulan 10 enmə zolağının ümumi uzunluğu 18 min metr təşkil edir. Dağ-xizək liftləri hava şəraiti - küləyin sürəti və istiqaməti, yamacdan enmə, həmçinin xizək sürənlərin digər trassalardan aralı hərəkət etmə imkanları nəzərə alınmaqla qonaqların seçilən ərazinin əlçatan yerlərinə ən məqbul üsullarla çatdırılması üçün nəzərdə tutulub. Bütün dağ-xizək trassasının enmə zolaqlarının süni qaryaratma generasiya sistemi ilə təchiz edilməsi qərara alınıb.

 

Kompleksin ərazisində xizəklə eniş zolaqlarının qar örtüyünün təmin edilməsi məqsədilə burada 223 süni qaryatarma qurğusunun yerləşdirilməsi planlaşdırılıb. Bu istirahət mərkəzi gün ərzində 3 min nəfərə xidmət göstərmək imkanına malik olacaq.
 

Prezident İlham Əliyevə “Golf Resort”  idman və istirahət mərkəzinin layihəsi ilə bağlı da məlumat verilib. Azərbaycanda qolfun populyarlaşdırılması və bu idman növünə marağın artırılması məqsədilə ölkənin ən dilbər guşələrindən birində - Qəbələ rayonunda qolf idman meydançasının, habelə Qolf Akademiyası və klubunun yaradılması qərara alınıb. Layihəyə əsasən Qəbələ rayonu ərazisindən keçən Dəmiraparan çayı ilə ətrafdakı dağ massivinin arasındakı 80 hektarlıq ərazidə qolf meydançasının, qolf klubun, otel binasının, villaların və müvafiq infrastruktur obyektlərinin inşası nəzərdə tutulur. Mövsümi yağıntıların və dağlarda qar örtüyünün əriməsi nəticəsində Dəmiraparan çayında baş verə biləcək daşqın hallarının qarşısını almaq, bununla da qolf meydançasının mühafizəsini təmin etmək məqsədilə çayın sahilində istinad divarları tikiləcək. Klassik forma və üslubda inşa ediləcək bu mərkəzdə klub üzvlərinin və qonaqların səmərəli istirahəti üçün hər cür şərait yaradılacaq.
 

Prezident İlham Əliyev  həm “Tufan” Dağ-xizək Yay-Qış İstirahət Kompleksinin, həm də “Golf Resort”  idman və istirahət mərkəzinin tikinti işlərinin yüksək keyfiyyətlə aparılması ilə bağlı tapşırıqlarını verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1304
avatar

Oxşar yazılar