Prezident İlham Əliyev Abşeron rayonunun Masazır qəsəbəsində yeni inşa olunan 5 nömrəli tam orta məktəbin açılışında iştirak edib. Lent.az-ın president.az saytına istinadən məlumatına görə, dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.
Məktəbin tikintisinə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2015-ci ildə başlanılıb. İnşaat işləri bu ilin oktyabrında başa çatdırılıb. Məktəbin üçmərtəbəli binasının ümumi sahəsi 4600 kvadratmetrdən çoxdur. Yeni məktəb 1200 şagird yerlikdir, burada 41 sinif otağı var. Ən müasir avadanlıqla təchiz edilən məktəbdə fizika, kimya və biologiya laboratoriyaları, kitabxana, 163 yerlik akt zalı, həmçinin hər cür şəraiti olan yeməkxana yaradılıb. Burada iki emalatxanada da tədrisin yüksək səviyyədə təşkili üçün hər cür şərait var. İdman salonu zəruri avadanlıqla təchiz edilib.