Nəzarət markaları və beynəlxalq standart eyniləşdirmə nömrələri, müəlliflik hüququ obyektlərinin dövlət reyestri barədə qaydalar təsdiqlənib
Nazirlər Kabineti “Nəzarət markalarının və beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsindən əldə olunan vəsaitdən istifadə edilməsi və həmin vəsaitdən istifadə haqqında hesabatın dərc olunması Qaydası”nı təsdiqləyib.
Lent.az-ın verdiyi məlumata görə, audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun və kitabın nüsxələrinə yapışdırılan nəzarət markalarının və beynəlxalq standart eyniləşdirmə nömrələrinin (ISBN, ISMN, ISSN, ISAN, ISRC) verilməsindən əldə olunan vəsaitdən istifadə edilməsi və həmin vəsaitdən istifadə haqqında hesabatın dərc olunması bu qayda ilə müəyyən edilir.
Qaydada göstərilən xidmət növü hesabına Müəllif Hüquqları Agentliyinin büdcədənkənar daxilolmaları formalaşır. Nəzarət markalarının və beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsindən əldə olunan vəsait Agentliyin büdcədənkənar xüsusi vəsaitlər üzrə xəzinə hesabına köçürülür. Bu vəsaitdən nəzarət markalarının hazırlanması və verilməsi, eləcə də beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi, habelə əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə sahəsində tədbirlərin həyata keçirilməsi, o cümlədən yeni texnologiyalara uyğun olaraq sahə üzrə maddi-texniki bazanın gücləndirilməsi, mütəxəssislərin həvəsləndirilməsi və onların peşə biliklərinin artırılması üçün istifadə olunur. Agentlik hər il daxil olmuş vəsaitin miqdarı, məqsədi, hesabat dövründə istifadə olunmuş (xərclənmiş) vəsaitin təyinatı və məbləği, habelə qalıq vəsait barədə məlumatların əks olunduğu illik hesabatı qanunvericiliklə müəyyən edilmiş qaydada Maliyyə Nazirliyinə təqdim edir. Nəzarət markalarının və beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsinə görə daxil olan vəsaitdən istifadə haqqında rüblük və illik hesabatlar müvafiq olaraq hesabat dövrü başa çatdıqdan sonra ən geci 5 iş günü müddətində Agentliyin internet səhifəsində yerləşdirilir.
Nazirlər Kabineti “Nüsxələrinə nəzarət markası yapışdırılması nəzərdə tutulan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, məlumat toplusu, kitab) dövlət reyestrinin aparılması Qaydaları”nı da təsdiqləyib. Bu qaydalar nəzarət markası yapışdırılan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, məlumat toplusu, kitab) dövlət reyestrinin aparılması ilə bağlı məsələləri tənzimləyir. Nüsxələrinə nəzarət markası yapışdırılan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin dövlət reyestri audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun və kitabın nüsxələrinə yapışdırılan nəzarət markalarının verilməsi üçün sənədlər, nüsxələri hazırlayan (istehsal edən) və yayan hüquqi və fiziki şəxslər (hüquqi şəxsin təşkilati-hüquqi forması), nüsxələrin adları, seriyası, nömrəsi və verilmə tarixi göstərilməklə, nəzarət markalarının sayı barədə məlumatları özündə əks etdirən dövlət informasiya ehtiyatıdır. Dövlət Reyestri Müəllif Hüquqları Agentliyi tərəfindən aparılır. Dövlət Reyestri (forması əlavə olunur) kağız və elektron daşıyıcılarda tərtib edilir. Kağız daşıyıcıda tərtib edilən Dövlət Reyestri kitabı cildlənir, hər bir səhifəsi nömrələnir, qaytanlanır və möhürlənir. Dövlət Reyestri hər il üzrə ayrıca tərtib edilir. İl tamam olduqda, bu Qaydaların 12-ci hissəsində göstərilən məlumatların daxil edildiyi səhifələrin sayı və qalan boş səhifələrin sayı, reyestrin aparılmasının başlandığı və həmin il üzrə qurtardığı tarixləri göstərilməklə “Xüsusi qeydlər” nəzərdə tutulan səhifədə Dövlət Reyestrini aparan məsul işçi tərəfindən müvafiq qeyd aparılır.
Dövlət Reyestrinə daxil edilən hüquqi və fiziki şəxslərin adları və digər məlumatlar düzgün yazılmalı, reyestr nömrələrinin sıra ardıcıllığına əməl edilməli, göstərilən məlumatlar bütöv verilməli, qeydlər aydın və yığcam olmalıdır. Dövlət Reyestrində aşkar edilmiş səhv məlumatın (qeydin) üstündən xətt çəkilir və bu Qaydalara uyğun yeni qeydlər yazılır. Yeni qeyddə səhv hesab edilmiş məlumata (qeydə) istinad olunur. Dövlət Reyestri Azərbaycan dilində tərtib edilir. Xarici adlar Azərbaycan dilinin tələffüz qaydalarına uyğun şəkildə Azərbaycan əlifbası ilə yazılır. Dövlət Reyestri kitabına daxil edilən məlumatlar bu məlumatlar üçün ayrılmış bölməyə yerləşmədikdə, həmin bölməyə əlavə vərəqlər tikilir. Belə əlavələr edildikdə, reyestri aparan şəxs kitabın “Xüsusi qeydlər” nəzərdə tutulan səhifəsində müvafiq əlavə barədə qeyd yazmalıdır. Dövlət Reyestrinin kağız və elektron daşıyıcılarındakı qeydlər arasında ziddiyyət olduqda, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, kağız daşıyıcıda olan qeydlər əsas götürülür. Dövlət Reyestri illər üzrə və nüsxələrə yapışdırılmaq üçün nəzarət markalarının verilməsindən sonra istifadəçilər tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada Agentliyə təqdim edilən və bu Qaydaların 12-ci hissəsində göstərilən sənədlər və məlumatlar əsasında aparılır.
Nəzarət markaları istifadəçiyə verildiyi tarixdən 3 iş günündən gec olmayaraq aşağıdakı məlumatlar Agentlik tərəfindən Dövlət Reyestrinə daxil edilir:
- nəzarət markalarının verilməsi üçün ərizənin (sifarişin) Agentliyə daxil olma tarixi və qeydiyyat nömrəsi, ərizəçinin (sifarişçinin) adı (fiziki şəxsin soyadı, adı, atasının adı, yaşadığı və olduğu yer), hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, əlaqə telefonları, elektron poçt ünvanları və müraciətin qısa məzmunu;
- nüsxələrin növü, hazırlandığı (istehsal edildiyi) yer (ölkə, şəhər);
- nüsxələrin adları və yazıldığı maddi daşıyıcının növü;
- müəlliflərin (hüquq sahiblərinin), ifaçıların adları;
- nüsxələrin kim tərəfindən və nə vaxt hazırlanması barədə məlumatlar;
- nəzarət markasının verilməsi barədə qərarın qəbul edildiyi tarix;
- nəzarət markalarının istifadəçilərə təhvil verildiyi tarix, təhvil alan şəxsin adı.
Nəzarət markalarını alan hüquqi şəxs fəaliyyətini dayandırdıqda, yenidən təşkil olunduqda və ya ləğv edildikdə, yaxud məhkəmənin qərarı ilə müflis elan olunduqda, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs hüquqi şəxs yaratdıqda və ya həyata keçirdiyi sahibkarlıq fəaliyyətini dayandırdıqda, bu barədə Dövlət Reyestrinin "Hüquqi varislik" qrafasında müvafiq qeyd yazılır. Bu qaydalarında göstərilən məlumatlar ictimaiyyət üçün açıqdır. Maraqlı şəxslərin və qanunla səlahiyyət verilmiş müvafiq dövlət orqanlarının müraciətləri əsasında 3 iş günü müddətində Dövlət Reyestrindən çıxarışlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) sənədlərin surəti şəklində verilir.
15. İstifadəçilərin Agentliyə təqdim etdikləri sənədin (sənədlərin) saxta olduğu və ya məlumatlarda təhriflərə yol verildiyi müəyyən edildikdə, bu Qaydaların 12-ci hissəsində nəzərdə tutulan məlumatlar Dövlət Reyestrinə daxil edilmir, yaxud daxil edilmiş belə məlumatlar Agentliyin sədrinin müvafiq qərarı ilə qüvvədən düşmüş hesab olunur və bu barədə Dövlət Reyestrinin "Məlumatların hüquqi qüvvəsi" qrafasında müvafiq qeyd yazılır.