Azərbaycanın ilk telekommunikasiya peyki olan «Azerspace-1» təyinatına uyğun olaraq 46 dərəcə Şərq uzunluğundakı orbital mövqeyinə çatıb.
«APA-Economics»in Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, fevralın 15-də peykin günəş panelləri açılıb və reflektorları işə düşüb. Fevralın 19-dan mart ayının əvvəlinədək peykin orbitdəki sınaqları davam edəcək və daha sonra peykin idarəetməsi tam olaraq «Azərkosmos» ASC-yə təhvil veriləcək.
Peykin idarəsi «Azərkosmos» ASC-nin Bakı yaxınlığında yerləşən Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzindən «Azərkosmos»un mütəxəssisləri tərəfindən həyata keçiriləcək.
Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzi isə Naxçıvanda yerləşir.
Xatırladaq ki, ABŞ-ın «Orbital Sciences» şirkəti tərəfindən istehsal olunan «Azerspace-1» peyki «Ariane-5» kosmik daşıyıcısı ilə fevralın 8-də orbitə çıxarılıb. Peykin ümumi çəkisi 3 250 kq təşkil edir və onun istifadə müddəti 15 ildir. Peyk 36 aktiv C və Ku siqnal transponderlərə malikdir və Azərbaycan, Mərkəzi Asiya, Avropa və Afrika ölkələri üçün xidmət göstərəcək. Peykin orbitdəki yeri isə Şərq istiqamətində 46 dərəcədir.
Xatırladaq ki, peykin imkanlarının 20%-i Azərbaycanın tələbatını ödəmək üçün, qalan 80%-i isə kommersiya məqsədilə istifadə ediləcək və peykinin resurslarının 44%-i artıq 15 illik müddətə Malayziyanın «Measat» peyk operatoruna icarəyə verilib.
Yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin aşağı yer orbitinə çıxarılması 2015-ci ilə, ikinci telekommunikasiya peykinin orbitə çıxarılması isə 2016-cı ilə planlaşdırılıb.
Azərbaycan növbəti illərdə ilk olaraq aşağıorbitli peyklərin, daha sonra isə 2020-ci ilədək bir və ya bir neçə optik və radar peyklərin orbitə çıxarılmasını planlaşdırır.