Bir-iki gün öncə idi. Bir müəllim, həm də qayınata olan bir müəllim gəlininin həyatında başqa kişilərin olması barədə arın-arxayın müsahibə verirdi. O qədər rahat danışırdı ki, elə bil haqqında danışdığı adam nə oğlunun xanımı, nə onun gəlini, nə də nəvələrinin anasıdır. Belə böyük hadisələrdə bütün rahatlıqlar məndə həmişə bircə təəssürat yaradır: Danışan adam evdə hadisələri elə qurub ki, sonluqda da nəyi necə deyəcəyini əvvəlcədən bilir. O kişini, müəllimi qınamıram. Onu qınayanları şiddətlə qınayıram. Qınadığımsa Rusiyaya “qazanc dalınca gedirəm” deyən ərlərdir, oğullardır... Bizim reallıq min dəfə göstərir və min dəfə isbat edib ki, həmin ərlərin çoxu Rusiyada pul yox, Nataşa qazanır. Və vətəndəki arvad-uşaq ya unudulur, ya da boynu bükük qalır...
Bir müdrik Ruqiyyə nənəm vardı. O deyirdi ki, “bala şor ye, qoy başın papaqlı olsun”... Yəni ərin, həyat yoldaşın, uşaqlarının atası olan adam yanında olsun. Bir də bunu deyirdi: “əri atanı, gec-tez el də atır ”. Yaxınlar, qohum-əqrəba, qayınana-qayınata, hər kəs bu “el” sözünün içində idi.
Nənəmin bu sözlərinə bir-iki əlavəm var. Öncə sözüm kişilərədir. O kişilərə ki, xanımını, uşaqlarının anasını onun-bunun ümidinə qoyur. Məncə kişinin arvadı başqasının ümidinə qalmamalıdır. O başqası lap dədən-nənən də olsa belə şeylər var, onu ancaq yoldaşınla, ərinlə, uşağının atası ilə bölüşə, almasını ondan xahiş edə bilirsən. Nə qədər pullu valideyn, qardaş-bacın olsa da bunu onlara demək olmur. İkincisi o qadınları ki, burda qoyub gedirsiniz, onlar paydırlar! Kimə? Başqa kişilərə! Nökərdirlər? Kimə? Sizin dədə-nənənizə! Quldurlar! Yenə də kimə soruşan varsa deyim bilsin. Onu qoyub gedən kişidən doğduğu balalarına!
Yəni siz gedən gündən qadından başqa hər şeydir onlar...
Və bir gün bu cür qadınlar qadın olduqlarını vəhşicəsinə hamının üzünə hayqırır. Bir qadın hayqırtısı isə mənə görə həmişə böyük bir fəlakət törədir. O fəlakətlərdən biri bizim reallıq üçün övladlarından imtina etməkdir. O biri onu atıb gedən ərinin yerinə başqa kişini qoymaq. Amma kimsə gedən ərdən sormaz ki, “sən harada səhv elədin ki, evindəki qadın bu faciəni törətdi?”
Mən də qadınların bu faciə törədən hayqırtısına haqq qazandırmıram. Hətta düzünü desəm belə olayları yazanda arada klaviaturadan əlimi götürüb, qulağımı çəkib, “iraq olsun” da deyirəm...
Amma onları qınamıram da. Çünki təkcə kişilərin yox, qadınların da mənəvi, fiziki və xeyli maddi tələbatı var ki, onun ödənilməsi bütün müqəddəs kitablar daxil, elə qanunlarla da bircə kişiyə həvalə olunub-ƏRə. Və o ər ki, qadınını dədə-nənə ümidinə qoyur. Mütləq bir gün atası çıxıb haradasa onun uşaqlarının anasının həyatında başqa kişil olduğu haqda rahatlıqla müsahibə verəcək...
O üzdən məncə qadınlar daha cahillikdən ayılmalı və tərətdikləri faciələr baş verməsin deyə öncə özlərinə, sonra ərlərinə, daha sonra bütün dünyaya “məənnn qaaadııınaaaammm, qadın!!!..” deyə hayqırsınlar. Qorxmayın! Vallah kimsə sizə bir kəlmə söz deməyəcək buna görə. Əksinə o səs hara qədər lazımdırsa çatacaq. Özünü eşitməzliyə vuranların belə tükləri biz-biz olacaq səsinizdən. Və onu da dəqiqliklə bilirəm ki, ən yaxınında, düz evinin içində olan adamlar da səni mütləq eşidəcək. Ondan sonra səndən ehtiyatlanan həmin o adamlara yavaşcadan pıçıldayacaqsan ki, əzizlərim, “mən qadınam ” deyəndə, həm də onu demək istəyirdim ki, qadın evinin nökəri də, qulu qa, qadını da ola bilir, siz məni sadəcə SEVİN vəssalam!...