Lamiyə və öldürdüyü oğlan, dünyaya gətirdiyi uşaq... Hamı danışır. Hamı yazır. Bütün dəyərli həmkarlarımdan, dəyərli məmurlardan üzr istəyib bir-iki məqama da mən toxunmaq istəyirəm. Nə siyasi, nə iqtisadi, nə də maddi. Məsələnin çox ciddi mənəvi tərəfləri var. Heç vaxt heç kimin vecinə almadığı tərəfdir bu. Və həmişə bizə zərbəni o vecimizə almadığımız tərəf vurur.
Ortada o məhbus qızın böyüdüyü ailədə aldığı qüsurlu tərbiyə var...
Onu zamanından tez böyüdən qüsurlu mühit var...
Ona həmişə bayağı yanaşmanın olduğu da sirr deyil...
Bütün bu aşınmalar gənc qızı “sən qıraqda dur, mən vuracam” deyəcək qədər “yetişdirir”...
Və bu “həlledici” zərbə onun ailəsinin demək olar ki, bütün üzvlərinin cinayət məsuliyyətinə cəlb eləməsi ilə nəticələnir. O, cəzasını layiq olduğundan on qat artıq alır.
Çünki ortada böyük bir cinayət var. Gənc bir qız, gənc bir oğlanı amansızlıqla qətlə yetirib. Amma məncə hər şey o qətlə qədər baş vermişdi. Bir az dərin düşünsək, əslində onların ikisini də biz öldürmüş sayıla bilərik. Cəmiyyət, onun mənfur qaydaları, mühit, valideynlər, yaxınlar, qohumlar, dostlar. Birini məzara, birini də məhbəsə salıb dincəlirdik ki...qucağında körpəsi ilə o məhbus qız çıxdı ortaya...
İndi bütün ölkə həmin cinayət qədər o körpənin taleyini və ondan da vacib saydığı başqa bir məsələni, uşağın atasının kimliyini müzakirə edir. Axır ki, uşağa ata tapılıb. İndi də prosesin necə baş verdiyini axtarırlar. Yəni bu uşağın atası anası ilə harada görüşüb?
Dünya, yaxın uzaq, qonşular, ölkələrin taleyini həll edəcək münaqişələr bir yana qalıb indi.
Əslində məhbus bir qadın, özü də hay-küylü cinayət işinə görə caza çəkən birinin məhbəsdə ana olmaq istəyi və buna yüksək səviyyədə əməl olunması olaydı.
Bizim mentalitet dediyimiz dəyərlər sisteminin heç yerində oturmayan bir istək olduğunu düşünəndə bu ikiqat olaydı. Bir də ona görə olaydı ki, adam öldürən adam, sadəcə adam dünyaya gətirmək istəyir. Və bunun nə ərə getmək, nə bir kişi ilə fiziki yaxınlıq istəyindən doğmadığını deyir. Sadəcə, ana olmaq istəyir. Bir caninin cəmiyyətin yazılmamış qanununu pozduqlarına görə, də olaydır bu məsələ. Amma onu olay olmağa qoymurlar. Kim, ya da kimlər bəlli deyil...Ya da bəllidir kimlərəsə, amma bizə yox...
Bir də bu məsələdə başqa bir çəkici məqam. Bizim xorla danışmağımız. Biz o qədər birdən susub və birdən danışmağa alışdıq ki, arada nə baş verdiyini illər uzunu anlaya bilmirik. Dinməyin xanımlar və cənablar. Bu hay-küydə yenə heç nə aydın deyil. Heç nə aydın olmayacaq. Çünki nə o zaman, nə indi, nə də bundan sonra biz heç kimə zamanında dönüb “sən düz eləmirsən!”, “tutduğun yerdən utan!”, “uşağının ipini çək!” kimi iradları səmimi olaraq tutan deyilik. Təkcə qorxumuzdan yox ki, həm də xəbislikdən. “Qoy biabır olsun, cəhənnəmə ki!” prinsipi ilə beləcə evlərimiz asta-asta yıxılır...
Bir də Lamiyənin qətlə yetirdiyi oğlanın ailəsi. İmkanı, əlaqələri, vəzifəsi olan valideynləri. Belə ailələrdə böyüyən uşaqların tərbiyəsi. Valideynlərinin nüfuzundan necə istifadə etmələri. Çox aktual məsələdir.
Lamiyə imkansızlığın, cahilliyin, tərbiyəsizliyin qurbanıdır. O oğlan da imkanı xaric cahilliyinin və tərbiyəsizliyinin qurbanı oldu. Və zərbəni o tək özü almadı...
Belə ailələrdə valideynlər gec, ya tez sahib olduqları hər şeyi itirirlər. Sərvət bir yana, övlad acısı da yaşamalı olurlar...
Bir sözlə vurulurlar. Azərbaycanda məşhur olan “vurulan”... “Vurulduğunu” həzm edə bilməyən “vurulan”... Günahı özündən başqa hər kəsdə arayan “vurulan”...
Əlində qalan bircə şey olacaq vaxtında, düzgün tərbiyə edə bilmədiyi övladının cənazəsi, sonra artıq məzarı...
Məncə bütün bunlar olmasın deyə bircə yol var. Əlaqələri, tutduqları yüksək postlar, əllərinin altındakı sərvət çoxaldıqca, övladlarını daha çox sıxsın insanlar. Sahib olduqları sərvət qədər əlinizdə böyüyən və sabah hər biri bir məzar ola biləcək daha dəyərli sərvətinizi, övladlarınızı sıxın. Sıxın ki, sonra məzarına sıxılıb faciələrə yol açmayın...