Avqustun 27-də saat 09.00 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah-sursat anbarında yanğınla müşayiət olunan partlayış zamanı yaralanan şəxslərin hamısı evə buraxılıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hadisə nəticəsində yüngül dərəcəli bədən xəsarətləri alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilmiş hərbi qulluqçu olmayan 5 nəfər ilkin tibbi yardım göstərildikdən sonra dünən evə buraxılmışdı. Müşahidə altında saxlanılan digər yaralı isə bu gün evə buraxılıb.
Baş vermiş hadisə nəticəsində ağır xəsarət alan və yaxud vəfat edən şəxslər olmayıb.
Xatırladaq ki, ötən gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində naməlum səbəbdən baş vermiş yanğın nəticəsində həmin hərbi hissənin utiləşmə üçün hazırlanmış silah-sursat anbarında partlayışlar baş verib.
Prezident İlham Əliyevin tapşırığına əsasən, hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər, Səhiyyə nazirlikləri, Dövlət Sərhəd Xidməti, Baş Prokurorluq, yerli icra strukturları və digər dövlət orqanlarının nümayəndələrindən ibarət komissiya yaradılıb.