Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev Lider TV-də veriliş aparacaq. Lent.az-ın məlumatına görə, bundan başqa Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət də başqa bir televiziya kanalında verilişə aparıcılıq edəcək. Məsələ ilə bağlı adıçəkilən şəxslərin fikirlərini öyrəndik.
Demokratik Maarifçilik Partiyasının sədri E. Musayev Lent.az-a açıqlamasında bildirib ki, bu, Azərbaycanın daxili siyasəti ilə bağlı bir proyektdir: “Ölkədə baş verən məqamları, prosesləri tamaşaçıların diqqətinə çatdıracağıq”. E. Musayev onu da bildirib ki, proqram həftədə bir dəfə Lider TV-də “Səda” xəbərlər buraxılışından sonra yayımlanacaq: “Müəllif proqramıdır və verilişin adı “Mövqe”dir. Bu veriliş ilkin olaraq həftədə bir dəfə 5-7 dəqiqə efirdə olacaq, bir aydan sonra isə həftədə iki dəfə, bir müddətdən sonra isə həftədə 3-4 dəfə yayımlanacaq”.
Partiya sədri onu da bildirib ki, proqramın seçki ilə xüsusi bir əlaqəsi yoxdur: “Amma seçkini də diqqətdən qaçırmaq olmaz. Seçki yaxınlaşdıqca insanların düzgün məlumatlandırılması gərəkdir ”. E. Musayev onu da bildirib ki, bu proqramda tənqid öz simamıza uyğun olacaq.
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri A. Həsrət isə hansı kanalda veriliş aparacağını açıqlamayıb:” Gəlin, hələlik bu verilişin harada olacağı haqqında suala cavabı bir qədər sonraya saxlayaq. Lakin onu deyə bilərəm ki, artıq konkret qərar var. Həqiqətən də Orta Asiya səfərimdən dərhal sonra yeni bir veriliş aparacam. Səfərim də mayın 8-də bitəcək”.
A. Həsrət onu da vurğulayıb ki, proqramda müzakirə mövzusu dünya məsələləri olacaq: “Dünyada baş verən olayları şərh edəcəyik. Eyni zamanda müxtəlif fikirlərə də yer ayıracağıq”.