“2013-cü ildə Azərbaycanda 961 uşaq, 2014-cü ildə isə 918 uşaq yerli övladlığa verilib.
Ötən il övladlığa verilən 918 uşaqdan 205 nəfəri 1 yaşına qədər ( 104-ü qız ), 360-ı 1-5 yaş arası (163-ü qız ), 203 nəfəri 6-10 yaş arası (72-si qız), 150 nəfəri 11-17 yaş arası (69-u qız) uşaqlar təşkil edib. Övladlığa verilən uşaqlar arasında əsas üstünlük oğlanlara məxsusdur”.
Bunu Lent.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquq təminatı şöbəsinin müdir müavini Vəsilə Möhsümova deyib.
Azərbaycanda övladlığa götürmə prosesinin iki qaydada - yerli və beynəlxalq övladlığa götürmə prosesi ilə həyata keçirildiyini deyən V. Möhsümova bildirib ki, xarici vətəndaşlarla bağlı övladlığa götürmə prosesi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, 3 yaşına qədər uşaqların övladlığa verilmə prosesi Səhiyyə Nazirliyi, 3 yaşdan böyük uşaqların övladlığa götürmə məsələləri isə Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Beynəlxalq övladlığa götürmə prosesində isə uşaqlar üçün heç bir yaş həddi nəzərdə tutulmayıb.
V. Möhsümovanın sözlərinə görə, Azərbaycan qanunvericiliyi ölkə vətəndaşlarının başqa ölkədən uşaq götürməsinə və başqa ölkənin vətəndaşlarının da yerli vətəndaşımızı övladlığa götürmək üçün müraciət etməsinə imkan verir. Komitə vətəndaşlarımızın daha çox öz yerli ailələrimiz tərəfindən övladlığa götürülməsinə maraqlıdır.
Xarici vətəndaşların yerli vətəndaşımızı övladlığa götürmə ilə bağlı müraciətinin müəyyən şərtlər çərçivəsində gerçəkləşdiyini qeyd edən V. Möhsümova həmin şərtləri sadalayıb: “Yerli uşaqlar dəfələrlə yerli ailələrə təqdim olunur və qəbul edilmədiyi halda övladlığa verilmək üçün xarici vətəndaşlara təqdim edilir. Adətən də bunlar müəyyən qüsurları olan uşaqlar olur. Ailə qanunvericiliyində xarici vətəndaşlara övladlığa verilən uşaqların səhhəti üçün heç bir məhdudiyyət qoyulmayıb.
Bundan başqa, uşağa Azərbaycan ailəsində tərbiyə verilməsi mümkün olmadıqda, qohumları tərəfindən övladlığa götürülməkdən imtina edildikdə və ən əsası uşağın xarici vətəndaşlara övladlığa verilməsinə komitənin razılığı və məhkəmə qətnaməsi ilə icazə verilir”.
V. Möhsümovanın sözlərinə görə, daha çox Rusiyada yaşayan azərbaycanlılar xarici vətəndaş kimi övladlığa götürmək üçün müraciət edirlər: ”2013-cü ildə 8 beynəlxalq övladlığa götürmə prosesi olub. Onlardan 4-ü Rusiyada yaşayan azərbaycanlılar olub, onlar da əsasən yaxın qohumlarının uşaqlarını övladlığa götürən insanlardır. Xarici vətəndaşlarla ailə quran xanımlar birinci nikahından olan uşaqlarını övladlığa götürmək üçün müraciət edirlər. Yaxud da həmin xanımın ikinci həyat yoldaşının əvvəlki nikahdan olan uşaqları üçün atalığının müəyyən olunması üçün müraciət olunur.
Bundan başqa, Amerika ailələri, Avropanın müxtəlif şəhərlərindən olan ailələr də bizdən uşaq övladlığa götürmək üçün maraqlanırlar. Xarici vətəndaşa uşaq verəndə bütün hallarda tərəflərdən biri azərbaycanlı olan, Azərbaycan adət-ənənələrini daha çox mənimsəmiş, işi ilə bağlı Azərbaycanda yaşayan xarici ailələrə üstünlük verilir”.
Azərbaycanlı ailələrin isə xaricidən uşaq götürməyə o qədər də meylli olmadıqlarına deyən V. Möhsümova xarici vətəndaşların millətimizin mənəvi zənginliyini, tarixi, musiqi, dünyagörüşü amillərini əsas gətirərək bizdən uşaq götürməyə daha maraqlı olduqlarını açıqlayıb.
2014-cü il üzrə 4 uşaq xarici vətəndaşlara övladlığa verilib. Bunlardan 1 nəfər Gürcüstan vətəndaşı olan azərbaycanlı xanım burda rəhmətə getmiş oğlunun azyaşlı balasını (nəvəsini) övladlığa götürüb. Ötən il Azərbaycandan övladlığa uşaq götürənlər arasında 1 Gürcüstan vətəndaşı, 1 Almaniyada yaşayan türk əsilli ailə və Amerikada yaşayan və bacısının uşağını övladlığa götürən azərbaycanlı xanım da var.
2015-ci il ərzində 3 beynəlxalq övladlığa götürmə prosesi həyata keçirilib. Bunlardan biri Rusiyanın Dağıstan bölgəsində yaşayan və öz qohumunun uşağını övladlığa götürən azərbaycanlı olub.
Digəri türk vətəndaşı ilə ailə quran azərbaycanlı xanım, üçüncü şəxs isə Bakıda yaşayan, təhsil sahəsində çalışan amerikalı pedaqoq xanım olub.
Bu il ərzində xarici ölkələrdən övladlığa götürmə ilə bağlı müraciətlər daha çox Gürcüstan vətəndaşları tərəfindən edilib.
Ümumiyyətlə Azərbaycanda övladlığa veriləcək ailənin əsasən mənəvi, maddi, tibbi parametrlərinin uyğunluğu yoxlanılır. Ailənin keçici xəstəlikləri, mənzil, məişət şəraiti, iş yeri, əmək haqqı, psixoloji vəziyyəti müəyyən edilir.
V Möhsümova vurğulayıb ki, hər atılmış uşaq övladlığa verilmir: “Valideyn himayəsindən məhrum edilən hər uşaq övladlığa verilə bilməz. Yalnız tamamilə valideyn himayəsindən məhrum və övladlıq üçün uyğun şərtləri ödəyən uşaqlar övladlığa verilir”.