Müəllimlik ixtisasına olan maraq və bu peşəyə yiyələnmək istəyən abituriyentlərin sayı hər il artmaqdadır.
Lent.az-ın məlumatına görə, Təhsil Nazirliyinin 2016-cı ilin yekunlarına dair hesabatında bildirilib ki, əgər 2015-ci ildə 500-dən yuxarı bal toplayan və müəllimlik ixtisasını I və ya II sırada seçən abituriyentlərin sayı 697 nəfər idisə, 2016-cı ildə bu say 280 nəfər artaraq 977 nəfər olub. Bu isə öz növbəsində 40% artım deməkdir.
Beynəlxalq təcrübədə də çox düzgün qeyd edildiyi kimi, “Təhsil sisteminin keyfiyyəti müəllimlərin keyfiyyətindən artıq ola bilməz” reallığı göstərir ki, müəllimlərin yetişməsi üçün nə qədər səy göstərilərsə, bir o qədər təhsilin səviyyəsi yuxarı olar. Bu səbəbdən məzun olan şagirdlərin ən yaxşı nəticə göstərənlərin müəllimlik sahəsini seçməsi müsbət haldır. Ali məktəbə qəbulda 500 və yuxarı bal toplayan abituriyentlərə hər ay alınan təqaüdə əlavə olaraq Təhsil Nazirliyi 100 azn təqaüd verir. Bununla daha çox abituriyentin bu ixtisası seçməsi təşviq olunur. Bu yolla həm nəticəsi yüksək olan, həm də ixtisasını sevən abituriyentlərin gələcəyin yaxşı müəllimləri olmalarına şərait yaradılır.