Ölkəmizdə son səkkiz ildə orta məktəb məzunlarının sayı 33810 nəfər azalıb.
Lent.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə 2012-2013-cü tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə həsr olunmuş tədbirdə bildirib. Eyni zamanda “Abituriyent” jurnalının 12-ci sayının da təqdim olunduğu tədbirdə komissiya sədri bildirib ki, 2012-ci ildə ümumi təhsil müəssisələrinin 89298 məzunu olub. M.Abbaszadənin sözlərinə görə, bu meyil artıq bir neçə ildir ki, müşahidə olunur: “Son səkkiz ildə məzunların sayı 27,46 faiz azalıb. Bu il sənəd verənlərin 58,84 faizini builki məzunlar təşkil edib. Müqayisə üçün bildirək ki, 2009-cu ildə ali təhsil müəssisələrinə sənəd verənlər arasında həmin ilin məzunlarının nisbi payı 60,90 faiz, 2010-cu ildə 55,63 faiz, 2011-ci ildə isə 58.39 faiz olub”.
TQDK sədri qeyd edib ki, bu il respublikanın ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 96 min 471 abituriyent iştirak edib: “Onlardan 41.70 faizi 0-100, 22.95 faizi 100-200, 15.06 faizi 200-300, 15.50 faizi 300-500, 4.79 faizi isə 500-700 bal toplayıb. Abituriyentlərdən 1226 nəfəri 600 baldan yuxarı nəticə göstərib. Yüksək nəticə göstərənlər I qrupda 234, II qrupda 297, III qrupda 350, IV qrupda 345 nəfərdir. 5 nəfər isə maksimal nəticə – 700 bal toplayıb”.