Öncə haqqı qoruyaq...
18 mart 2015 14:06 (UTC +04:00)

Öncə haqqı qoruyaq...

Media məkanında son iki günün əsas xəbəri rektor, tanınmış ziyalı Hamlet İsaxanlının qızının döyülməsi ilə bağlı oldu. Bu xəbər o qədər “möhtəşəm” bir xəbərə çevrildi ki, Mərkəzi Bank sədrinin kredit və dolların məzənnəsi ilə bağlı açıqlamalarını da kölgədə qoydu.

 

Məsələnin maraqlı tərəfi baş verənlərlə bağlı ziddiyyətli fikirlərin, açıqlamaların olmasıdır. Gah deyildi ki, belə bir hadisə olmayıb, gah açıqlama verildi ki, bu, bir filmdir. Onsuz da insan həyatı elə filmə bənzəyir. Hamlet müəllim isə tam fərqli bir açıqlama verdi. Hörmətli professorumuz bildirdi ki, bəs döyülən ümumiyyətlə onun qızı yox, Katya adında bir qız imiş. Sitat: “Mənim qızım öz rəfiqələri və dostları ilə bərabər 8 mart bayramını qeyd edirlər. Sonda, dağılışanda qızları evlərinə ötürərkən mənim qızım olan maşına məclisdə iştirak edən Katya adlı bir qızı da götürürlər ki, onu da yaşadığı yerə buraxsınlar. Yolda həmin qız, yəqin ki, bir qədər içkili olduğundan, söyüşlər söyür, tərbiyəsiz sözlər işlədir. Maşındakı oğlanlar hirslənir, maşını saxlayaraq onu maşından düşürürlər”. 

 

Burada isə Hamlet müəllimə ünvanlayası bir neçə sual var:

 

Bir: Bəs, qızınız deyir ki, bu filmdir?

 

İki: Hamlet müəllim, sizin qızınız döyülməyib, bəs Katyanı necə, döymək olarmı?

 

Katya söyüş söysə belə, o da bir qadın və zərif cinsin nümayəndəsidir. Axı, döymək özü bir cinayətdir. Baxmayaraq ki, Katya içib, keflənib və söyüş söyüb. Hamlet müəllim, ziyalı bir qadın (Ülkər xanım), gecə saat 4-də içib, keflənib söyüş söyən Katya ilə bir məclisdə niyə otursun axı?

 

Daha çox düşündürücü məqam isə kimliyindən asılı olmayaraq qadına əl qaldıran qardaşların müdafiə olunmasıdır. Bu gün katyaları döyən qardaşlar sabah digər xanımlarımızı da elə günün günorta çağı döyəcək.

 

Gəlin öncə həqiqəti, haqqı qoruyaq ki...katyaları, ülkərləri də qoluzorlu qardaşlardan qoruya bilək.  

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 172

Oxşar yazılar