Ölkə ərazisində müşahidə olunmuş faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Lent.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verdiyi kimi, ölkə ərzisində anomal soyuq, şaxtalı hava şəraiti davam edib.
Fevralın 3-də temperatur iqlim normasından 8.4 dərəcə aşağı olub. Bakıda və Abşeron yarımadasında minimal temperatur 7, Aran rayonlarında 11, Kiçik Qafqazda 20, Böyük Qafqazda 16, bəzi ərazilərdə 20 dərəcəyədək şaxta, Şahdağda 23, Naxçıvan MR-da 10-17 dərəcə şaxta qeydə alınıb.
Fevralın 3-də gün ərzində əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi şərq rayonlarında, axşam və səhər saatlarında isə Bakıda və Abşeron yarımadasında qar (0.0-2.0 mm) yağıb. Düşən yağıntının miqdarı Lerikdə 9.0 mm, Rvarudda (Lerik) 3.0 mm, Biləsuvar, Lənkəran, Astara, Yardımlı, Göytəpədə 0.0-1.0 mm olub.
Qar örtüyünün hündürlüyü Lənkəran-Astara zonasında 19-67, Kiçik Qafqazda 7-13, Böyük Qafqazda 25, Qazax-Gəncə bölgəsində 2-6, Mərkəzi Aran rayonlarında 3 sm-ə çatıb.