O pencəyin qolları
05 sentyabr 2014 15:44 (UTC +04:00)

O pencəyin qolları

Bu yaxınlarda “Sankt-Peterburq Opera” teatrında “Krım” adlı tamaşa oynanılmışdı.

Həmin tamaşa boyunca zaldakıların da, səhnədəkilərin də hamısı ağlamışdı, Putini simvolizə edən baş qəhrəmanın monoloqu, xilaskar obrazı hamının ürəyini riqqətə gətirmişdi.

Tamaşa yetmişinci illərin “Sevastopollular” operası əsasında qurulsa da, başdan-ayağa dəyişdirilib indiki gündəmə uyğunlaşdırılıb.

Belə ki, faşist obrazında indiki Ukrayna hökuməti təqdim olunurdu.

Həmin tamaşa üçün satılmış biletlərin pulu Donetsk qaçqınlarına yardım üçün nəzərdə tutulmuşdu.

 

***

 

Təsəvvür edin, vals sədaları altında rəqs edən uşaqların gülüş səsləri birdən kəsilir və onlar bir-bir yerə yıxılırlar. Bu isə bombardmanın nəticəsidir.

Ətrafda hər şey darmadağın olandan sonra isə Putini simvolizə edən Şəxs səhnəyə çıxır və öz monoloquna başlayır: “Mənim Krımım, axı nəyə görə sənin taleyin belə olmalıydı?”

Və s.

Monoloqdan sonra yenidən atışma səsləri və səhnə xaosu başlanır.

Əlində qlobus tutmuş kişi özünü itirmiş halda var-gəl edir, qorxmuş uşaqlar qadınlara qısılıb, xor isə oxuyur: “Xilas edin bizi! Xilas edin bizi!

Və sonra hamı simvolik Putinə doğru qaçır, uşaqlar onun dövrəsində dizləri üstə çöküb əllərini ona uzadır, pencəyini, qollarını dartışdırır, kömək etsin, onları xilas etsin deyə yalvarırlar: “Xilas edin bizi!”

 

***

 

Bu tamaşa haqqında məlumatı mənə artıq az qala mənim Ukraynadakı xüsusi müxbirimə çevrilmiş Arkadiy Nepitalyuk vermişdi:

Və əlavə etmişdi:

- Mən düşünürəm ki, Rusiyanın bütün bu elədikləri onun özü barəsində total yalanına köklənib. Hər şey: onların tarixi, etnosu və sairə, uydurmadır. Özləri haqqında həqiqəti bilməmək xətrinə onlar hər dəfə yeni bir düşmən uydururlar və rusluq illüziyasını qoruyub saxlamağa çalışırlar.

- Böyük Rus xalqı. Amma hamı inanır bu böyüklüyə... – deyirəm.

- Sadəcə bir sual vermək bəs edər – ruslar kimdirlər? Real cavab yoxdur!

- Siz ağrıyırsız... – deyirəm.

- Mən artıq öyrəşmişəm, - deyir, - Mən bu hissi uşaqlıqdan bəri yaşayıram. Bizdə indi hamı ayılmağa başlayıb, çox sevinirəm ki, onlar rus dünyası, slavyan dünyası illüziyasını itirirlər artıq. Amma təəssüf ki, yüzlərlə ukraynalının həyatı bahasına. Azərbaycan bütün bunları 90-larda yaşayıb.

- Hə, biz bundan keçdik. Amma müharibə hələ bitməyib.

- Bilirəm... – deyir.

 

***

 

Yadıma 1991-ci ilin avqust putçası düşür.

Həmin gün Qorbaçovun hakimiyyətdən qəfil uzaqlaşdırılması,  SSRİ-nin yenidən bərpa olunması xəbəri ildırım sürətilə bütün postsovet məkanına yayılmışdı. Həmin müvəqqəti SSRİ-yə sevinənlər çox oldu, yadımdadır.

Əminəm ki, həmin avqustda Arkadinin də ölkəsində xoşbəxtlik dalğası dolaşmışdı.

 

İnsanlar xaosu, maddi və mənəvi çətinlikləri, bir sözlə, müharibəni sevmirlər, istəmirlər.

Onlar komforta can atırlar, hətta qaçılmaz olan xaosun da, müharibənin də içində hər kəs özü üçün mütləq bir komfort məqamı və məkanı aramağa cəhd edirlər.

Yaşamaq uğrunda mübarizə isə əslində elə müdafiə hissinə köklənir, özünü, özünün olanı qorumaq, yaşatmaq, xaosdan, müharibədən sonrakı mütləq olan sakitlik və durğunluq zamanına qədər hifz etmək istəyilə davranır.

Mən hələ də SSRİ bərpa olunacaq və postsovet məkanında hər şey özünün əvvəlki məcrasına dönəcək, fikri ilə yaşayanları görürəm.

Elə mənim atam da bu dünyadan kommunist kimi getdi, SSRİ bərpa olunması arzusu ilə...

 

Müstəqilliyimiz, bayrağımız, dövlətimiz gözəldir, dəyərlidir, qorumağa, gözlərimizin bəbəyi kimi hifz etməyə borcluyuq.

Amma müharibəmiz var.

SSRİ məkanında qardaş respublika sayılan Ermənistanın SSRİ dağılandan sonra namərdcəsinə işğal etdiyi torpaqlarımızı özümüzə qaytarmaq borcumuz var.

Siyasi manevrləri, iqtisadi maraqları, hətta mədəni dünyabaxışları hər gün dəyişən dövlətləri arasında özümüzün olan, özümüzü qoruya biləcək, bu indiki ümumbəşəri xaosdan sonra gəlməsi mütləq olacaq o sakitlik, durğunluq zamanlarında yaşamaq üçün hifz edəcək siyasi manevrlərimiz, iqtisadi maraqlarımız, mədəni dünya baxışımız var.

 

Xaosdan sonrakı dünyada Azərbaycanın müstəqilliyi, bayrağı, dövlətçiliyi mütləq və mütləq var olmalıdır.

Mən öz ölkəmin uşaqlarını heç bir başqa dövlətin başçısının dövrəsində diz çökərək, əllərini ona qarşı açaraq, pencəyindən, qollarından yapışaraq, “Xilas edin bizi!” deyə yalvarmasını görmək istəmirəm.

Heyhat...

Biz bu kəlmələri hər gün, hər gecə eşidirik əslində.

Hələ də erməni əsirliyində qalmış vətəndaşlarımızın dilindən.

Putin, ya da bir başqası isə eşitmir, anlayırsınızmı?..

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 921

Oxşar yazılar