GÜNÜN ŞƏRHİ
Yəməndə gedən proseslər böhranın bir neçə istiqamətdə inkişaf edə biləcəyini göstərir. Ən böyük ehtimal Səudiyyə koalisiyasının Yəməndə quru əməliyyatlara başlamasıdır. Əgər quruda əməliyyatlar başlayarsa, dünya illərlə davam edə biləcək yeni bir münaqişə ocağı üz-üzə qalacaq. Yəmənin taleyi isə Liviya və Suriyanın taleyindən fərqlənməyəcək. Müharibə həm Səudiyyə koalisiyasının, həm də Yəmənə dəstək verən dövlətlərin sıralarının genişlənməsinə səbəb ola bilər və biz üçüncü dünya müharibəsinin demo versiyasını izləmək şansı qazanarıq. İkinci bir ehtimal münaqişənin diplomatik yolla həll imkanlarının işə düşməsidir. Şərqdə diplomatiya ən uğursuz silah sayılır, lakin böhranın böyüyərək bütün Yaxın Şərqi bürümək təhlükəsi var. Bu səbəbdən münaqişə tərəfləri, o cümlədən onların dəstəkçiləri diplomatik vasitələrin işə salmağa məcbur qala bilərlər. Hələlik, yalnız Rusiya münaqişənin həllində vasitəçilik missiyasını öz üzərinə götürə biləcəyini bəyan edib, lakin bu cəhdin uğursuzluqla nəticələnəcəyi, yaxud koalisiya üzvlərinin bununla razılaşacağı inandırıcı görünmür. İnkişaf tendensiyasından asılı olmayaraq bütün ssenarilərin son real nəticəsi birdir – Yəmən parçalanacaq. Bu, qaçılmazdır.