Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 15 Dekabr
15 dekabr 2014 20:17 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 15 Dekabr

0

GÜNÜN ŞƏRHİ

OPEK-in gündəlik neft hasilatını aşağı salmamaq qərarı bir daha təsdiqlədi ki, neft təkcə enerji daşıyıcısı deyil, həm də təzyiq vasitəsidir. Kartelin bu qərarı dünya bazarında neftin qiymətinin daha da ucuzlaşmasına səbəb olacaq. OPEK rəhbərliyinin “neftin bir barelinin qiyməti 40 dollara düşsə belə, hasilat azaldılmayacaq” açıqlaması artıq iqtisadi deyil, siyasi qərardır, çünki bu qərarın iqtisadi əsaslandırılması yoxdur və ola da bilməz. 

Kartel təmsilçiləri israrla bu siyasətin Rusiya və İrana təzyiq vasitəsi olmadığını desələr də, fakt faktlığında qalır - OPEK-in qərarı konkret ölkələrə qarşı yönəlib. Maraqlı bir məqam – neftin indiki qiyməti yalnız OPEK-də söz haqqına sahib ölkələrə - Səudiyyə Ərəbistanı, Oman, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Küveytə iqtisadi baxımdan ciddi zərər vermir. Neft hətta indiki qiymətə satılsa belə, bu ölkələrin büdcəsində kəsir yaranmır. Rusiyanın büdcəsində kəsir yaranmaması üçün neftin bir barelinin ən azı 105 dollara satılması lazımdır. İranın büdcəsində kəsir olmaması üçün neftin satış qiyməti ən azı 130 dollara qalxmalıdır. Maraqlıdır ki, OPEK-in qərarından zərər görən təkcə Rusiya və İran deyil, həm də onların müttəfiqi olan Venesuela, Yəmən, Bəhreyn, İraq və Əlcəzairdir. 

Beləliklə, OPEK siyasi qərar qəbul edib və bu qərar dünyada gözlənilən ağır maliyyə və iqtisadi böhran ərəfəsində qəbul olunub. Kartelin hasilatı gündəlik 30 milyon barel səviyyəsində saxlamaq qərarı neft ixrac edən ölkələrdə ciddi sosial narazılıqlara səbəb ola bilər, çünki gəlirlərin azalması bu ölkələrə bir çox sosial öhdəlikləri icra etməyə imkan verməyəcək. Digər tərəfdən böyük şirkətlər neft sektoruna investisiya qoyuluşunu azaldacaqlar. Artıq Lukoyl və ConocoPhilips bu barədə açıqlama yayıb. 

OPEK-in qəbul etdiyi qalmaqallı qərar bu kartelin gələcəyi ilə bağlı bəzi suallar da doğurub. Hasilatın səviyyəsinin saxlanması hamıdan çox OPEK-ə üzv ölkələrin büdcəsinə zərər vurur, bu səbəbdən kartel daxilində söz sahibi olan ölkələrlə zərərə uğrayan dövlətlər arasında ciddi narazılıqların başlayacağını ehtimal etmək olar. Lakin narazılıqlara rəğmən OPEK öz mövcudluğunu hələ uzun illər qoruyub saxlayacaq, çünki karteldə əsas söz sahibi hələ də Səudiyyə Ərəbistanı və Körfəz ölkələridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 255

Oxşar yazılar