Vergilər Nazirliyi tərəfindən idman mərc oyunlarının təşkili ilə məşğul olan 150-dək vergi ödəyicisi üçün treninq keçirilib.
Vergilər Nazirliyindən Lent.az-a verilən məlumata görə, “Azərinteltek” şirkətinin təşkilatçılığı ilə keçirilən tədbirdə vergi ödəyicilərinə 2012-ci il 21 dekabr tarixli “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunun qüvvəyə minməsi ilə əlaqədar idman mərc oyunlarının dövriyyəsinin vergitutmaya cəlb edilməsi qaydaları barədə geniş məlumat verilib.
Qeyd edilib ki, Vergi Məcəlləsində edilmiş son dəyişikliklərə qədər idman mərc oyunlarının vergitutmaya cəlb olunması sahəsində vahid qanunvericilik olmayıb. Bu məsələ Nazirlər Kabinetinin 2011-ci il 1 mart tarixli, 55 nömrəli “Vergi ödəyicisinin, o cümlədən idman mərc oyunlarını həyata keçirən vergi ödəyicisinin (mərc oyunları Operatorunun) və bu oyunların keçirilməsində vasitəçi olan agentin (mərc oyunları satıcısının) əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 7-ci bəndinə müvafiq şəkildə – şərti üsulla hesablanıb. Hazırda idman mərc oyunlarının keçirilməsi ilə bağlı əldə olunan vəsaitlərin vergiyə cəlb olunması qaydaları yalnız Vergi Məcəlləsi əsasında tənzimlənir.
Treninqdə Vergi Məcəlləsində əksini tapmış “idman mərc oyunları”, “idman mərc oyunlarının operatoru”, “idman mərc oyunlarının satıcısı” və digər anlayışlarla bağlı ətraflı izahat verilib, vergi ödəyicilərinin vəzifələrindən danışılıb. Məcəllənin 16-cı maddəsinə əsasən, lotereya biletlərinin satışı, idman mərc oyunları üzrə operator və satıcı tərəfindən həyata keçirilən fəaliyyətə görə nəzarət-kassa aparatı tətbiq edilmir. Məcəllənin 102-ci maddəsində “Bədən tərbiyəsi və idman haqqında” qanunun 53-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunlarından əldə edilən uduşlar gəlir vergisindən azaddır. Məcəllənin 220-ci maddəsinin 9-cu bəndində isə göstərilir ki, idman mərc oyunlarının operatoru tərəfindən oyun iştirakçılarından qəbul edilmiş vəsaitdən 6 faiz dərəcəsi ilə, idman mərc oyunlarının satıcısı tərəfindən isə operatorun ona verdiyi komisyon haqdan 4 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır.
Sonda vergi ödəyicilərini maraqlandıran suallar ətraflı cavablandırılıb.