Nazirlik: “Həmin müəllimlərin məktəblərə necə yol tapması məlum deyil”
09 dekabr 2013 14:31 (UTC +04:00)

Nazirlik: “Həmin müəllimlərin məktəblərə necə yol tapması məlum deyil”

Peşə məktəblərində dərs deyən müəllimlər attestasiyadan keçiriləcək

 

“Təhsil Nazirliyi tərəfindən ölkədə peşə təhsili müəssisələrində çalışan pedaqoji kadrların təhlili aparılıb”. Lent.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin şöbə müdiri Namiq Məmmədov bildirib. Onun sözlərinə görə, təqribən 4000 minə yaxın pedaqoji heyət arasında aparılan təhlillər onu göstərir ki, 30 yaşa qədər olan işçilərin sayı 600-ə yaxındır: “Təqribən 60 yaşdan yuxarı olan pedaqoji heyətin sayı isə 400-ə yaxındır. 30-60 yaş arasında olan müəllimlərin, ustaların sayı çoxluq təşkil edir və onların da 60%-i sovet dövründə təhsil alan insanlardır”.
 

Şöbə müdirinin sözlərinə görə, peşə məktəblərində dərs deyənlərin cəmi 2200 nəfəri ali təhsillidir: “Digərləri orta ixtisas peşə təhsilli insanlardılar. Hətta orta təhsilli olan şəxslər də peşə məktəblərində çalışırlar. Həmin müəllimlərin peşə məktəblərinə necə yol tapması bizə məlum deyil. 2014-cü ildən başlayaraq peşə məktəblərində dərs deyən müəllimlərin attestasiyasının keçirilməsi planlaşdırılıb. Ümumi təhsil səviyyəsində müəllimlərin qiymətləndirilməsi və akkreditasiyası ilə əlaqədar qaydalar hazırlanır. Bizim yanaşmamıza görə, bu gün əmək bazarında ixtisaslı kadr hazırlamaq üçün gərək peşə məktəblərinə yaxşı usta cəlb edəsən və ona yaxşı əmək haqqı verəsən. Biz peşə təhsil müəssisələrində büdcədənkənar vəsaitlərin artırılmasında maraqlıyıq”.

Nazirlik rəsmisi onu da vurğulayıb ki, 4 min müəllimin hər birinin eyni səviyyədə maaş alması nəzərdə tutulmur: “Onlar akkreditasiyadan keçiriləcək, təhsil imkanları müəyyənləşdiriləcək. Kimsə yüksək əmək haqqı almaq istəyirsə, akkreditasiyadan, ixtisasartırma kurslarından keçdikdən sonra buna nail olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1948

Oxşar yazılar