“Respublikamızda həyata keçirilən bu tədbirlərin nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunur. Əgər 2003-cü ildə respublikada körpə ölümü göstəricisi 16,7 promilli idisə, 2013-cü ildə bu rəqəm 10,8-ə bərabər olub. Ana ölümü əmsalı 2003-cü illə müqayisədə 18,5-dən 2013-cü ildə 14,5-a enib”. Lent.az-ın məlumatına görə, bunu Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov deyib.
G. Poladov qeyd edib ki, son illər ərzində ana və uşaqlara tibbi xidmət göstərən müəssisələrin maddi texniki bazası möhkəmləndirilib, onların dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılıb.
Şöbə müdirinin sözlərinə görə, ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial yönümlü siyasətinin əsas prioritet istiqamətlərindən biridir: “Ölkə rəhbərliyinin bilavasitə dəstəyi ilə son illər bu sahədə mühüm tədbirlər həyata keçirilib. Ana və uşaqların sağlamlığının qorunması üzrə dövlət proqramının, həmçinin yeni doğulanların “Elektron sağlamlıq kartları” ilə təmin edilməsi, “Yoluxucu xəstəliklərinin immunoprofilaktikası” proqramlarının ana və uşaqların sağlamlığının qorunması işində əhəmiyyətli rolu olub. Cari ildə antenatal xidmətin təşkilində və hamilələrin hospitalizasiyasında mövcud olan problemlərin aradan qaldırılması istiqamətində bir sıra mühüm işlər görülüb. Bu məqsədlə nazirlik tərəfindən tibb müəssisələrinin bu sahədə fəaliyyətini tənzimləyən normativ sənədlər qəbul olunub. Hazırda hospitalizasiya bölgü prinsipi əsasında, perinatal yardım səviyyələri üzrə müəssisələrə uyğun olaraq həyata keçirilir”.
G. Poladov onu da bildirib ki, mövcud problemlərdən biri də qeysəriyyə kəsiyi əməliyyatlarının son illər ərzində ilbəil artmasıdır: “Tibbi göstəriş olmadan belə əməliyyatların həyata keçirilməsinin qarşısının alınması məqsədilə qanunvericilikdə müvafiq dəyişikliklər edilib. Eyni zamanda, Səhiyyə Nazirliyi tərəfindən “Qeysəriyyə kəsiyi əməliyyatının aparılmasının tibbi əsasları” və bu əməliyyatlar üzrə klinik protokol hazırlanaraq kollegiyanın qərarı ilə təsdiq edilib”.