Təhsil Nazirliyində “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələri üzrə Təşkilat Komitəsinin iclası keçirilib. Bu barədə Lent .az-a nazirlikdən məlumat verilib. İclasda Misir Mərdanov bu müsabiqələrin əhəmiyyətindən danışıb.
Nazir “Ən yaxşı müəllim” müsabiqəsinə 2012-ci ildə 464, bu il isə 481 nəfərin sənəd təqdim etdiyi, onlardan 477 - nın sənədinin ekspertizadan keçirilib qiymətləndirildiyi barədə məlumat verib.O, bildirib ki, müsabiqədə iştirak üçün sənəd verən 477 nəfərdən 27-si 2007 -2008-ci dərs ilində “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuş müəllimlərdir.
İştirakçıların sayına görə ibtidai sinif (44 nəfər), ingilis dili (32 nəfər), Azərbaycan dili və ədəbiyyat (23 nəfər) müəllimlərinin üstünlük təşkil etdiyini nəzərə çatdıran təhsil naziri müsabiqədə iştirak edəcək digər müəllimlərin də fənlər üzrə təsnifatına diqqət çəkib. Nazir ekspertizanın nəticələrinə görə sənədləri qəbul olunmuş 477 müəllimdən müvafiq bal toplamış 201 nəfərin II mərhələyə buraxıldığını qeyd edərək müsabiqədə iştirak üçün sənəd verən müəllimlərin rayon və şəhərlər üzrə bölgüsündən söhbət açıb.
O, “Ən yaxşı müəllim” müsabiqəsi iştirakçılarının nümunə dərslərinin təşkil olunacağı məktəblərin adlarını sadalayıb və II mərhələyə martın 11-dən başlanmasının nəzərdə tutulduğunu qeyd edib.
Sonra “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi ilə bağlı bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, müvafiq təkliflər səsləndirilib.