Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Binəqədi rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) yeni inzibati binasının açılışı olub. Nazirlikdən Lent.az-a verilən məlumata görə, tədbirdə iştirak edən nazir Səlim Müslümov bildirib ki, ünvanlı sosial yardımların bir ailəyə düşən orta aylıq məbləği 129,82 manatdan 137,67 manata yüksəlib.
S.Müslümov diqqətə çatdırıb ki, sosial cəhətdən həssas əhali qruplarına xidmət edən rayon və şəhər ƏSMM-lərinin fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir: “Respublikada sosial rifah səviyyəsinin yüksəlməsi ilə yanaşı, son vaxtlarda bu mərkəzlərdə əhaliyə xidmətin şəffaflaşdırılmasına, dövlət yardımlarının təyinatında ünvanlılıq prinsipinə riayət olunmasına nəzarətin gücləndirilməsi ünvanlı yardım təyin olunan ailələrin sayının 19,6 faiz azalmasına səbəb olub”.
Nazir deyib ki, cari ilin ötən dövründə artıq bir sıra yerli strukturların yeni, normal iş şəraiti olan binaları istifadəyə verilib. Bu proses davam etdiriləcək və nazirliyin bütün yerli qurumlarında müasir tələblərə uyğun iş şəraiti təmin olunacaq: “Müəyyən olunub ki, hazırda 37 rayon (şəhər) ƏSMM üçün yeni inzibati binanın tikintisinə ehtiyac var və yaxın illər ərzində bu problemin həlli təmin olunacaq”.
S.Müslümov eyni zamanda aparılan bu işlər zamanı nazirliyin eyni ərazi üzrə fəaliyyət göstərən qurumlarının bir məkanda yerləşməsinə də diqqət yetirildiyini qeyd edib: “Bu qurumlardan yalnız bir tələbimiz var: dövlət qayğısını əhaliyə qanunvericiliyin tələblərinə uyğun şəkildə, ünvanlılıq və şəffaflıq prinsipləri əsasında çatdırsınlar, vətəndaşlara daim ləyaqətlə xidmət göstərsinlər”.