Naxçıvanda açıq ürək əməliyyatları və beynəlxalq elmi konfrans keçirilib
13 dekabr 2013 12:07 (UTC +04:00)

Naxçıvanda açıq ürək əməliyyatları və beynəlxalq elmi konfrans keçirilib

Heydər Əliyev Fondunun təşəbbüsü və Naxçıvan Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə  Mərkəzi Neftçilər Xəstəxanası Ürək-Damar Xəstəlikləri Mərkəzi və Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası tərəfindən növbəti xeyriyyə aksiyası keçirilir.

Heydər Əliyevin anım günü ilə bağlı Naxçıvan Müalicə Diaqnostika Mərkəzində dekabrın 7-də başlayan aksiya sabah başa çatacaq.

Mərkəzi Neftçilər Xəstəxanasının Ürək və damar xəstəlikləri Mərkəzinin müdiri Rəşad Mahmudovun APA-ya verdiyi məlumata görə, aksiya çərçivəsində artıq 24 xəstə üzərində açıq ürək əməliyyatları, 20 xəstədə koronar-angioqrafiya müayinəsi icra olunub.

R. Mahmudovun sözlərinə görə, bununla yanaşı, Naxçıvan Səhiyyə Nazirliyində  Türkiyə, Özbəkistan və Bakıdan gəlmiş  aparıcı ürək-damar xəstəlikləri mütəxəssislərin, nevropatoloqların və yerli həkimlərin iştirakı ilə “Serebrovaskulyar xəstəliklərin müayinə və müalicəsinə müasir baxış“ adlı  beynəlxalq  elmi-praktiki konfrans keçirilib. Konfrans çərçivəsində serebrovaskulyar xəstəliklərini əhatə edən mövzular, dünya səhiyyə aləmində bu sahədə əldə edilən ən son nailiyyətlər müzakirə olunub. Bununla bərabər, müalicə-diaqnostika mərkəzinin poliklinika şöbəsində “Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının “Azərbaycanda Ürək və Damar Xəstəliklərinin Risk Amillərinin Epidemiolojik Tədqiqatı” proqramı daxilində Naxçıvan Muxtar Respublikasının 300 sakini müayinə edilib. Müayinə olunmuş insanlarda gizli müşahidə edilən ürək xəstəlikləri və onların risk amilləri araşdırılıb. Ürək xəstəliyi aşkarlanan xəstələrin sonrakı müayinə və  müalicələri təşkil olunub.

R. Mahmudov qeyd edib ki, bu aksiyaların tez-tez  keçirilməsi məhz Azərbaycan dövlət rəhbərliyi tərəfindən aparılan sosial inkişaf proqramının bariz nümunəsi və uğurudur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 712
avatar

Oxşar yazılar