Nahid Cavadovun əmisi: “Qardaşım mağmın adamdır, ola bilər onu şirnikləndiriblər..."
23 may 2014 20:01 (UTC +04:00)

Nahid Cavadovun əmisi: “Qardaşım mağmın adamdır, ola bilər onu şirnikləndiriblər..."

Əmircanda yerləşən 7 saylı internat məktəbdə azyaşlı Nahid Cavadovun rezin dəyənəklə döyülməsi iddiası onun valideynlərinin bu yaxınlara qədər yaşadığı Goranboy rayonunun Balakürd kəndində də böyük rezonans doğurub. APA TV-nin Qərb bürosunun çəkiliş qrupu hadisə ilə bağlı ehtimalları Nahid Cavadovun Balakürd kəndində yaşayan əmisi Xanlar Cavadovla dəyərləndirib. Nahidın əmisi baş verənlər barədə ilk xəbəri qardaşından aldığını deyib:

 “Qardaşım dedi ki, əvvəlcədən gəlib bildiriblər ki, uşaq yıxılıb. Düşündüm ki, uşaqdır, məktəbdir, hamı yıxıla bilər. Qardaşım deyir ki, ikinci gün məsələni tamam başqa formada eşitdik. Eşitdik ki, uşaq yıxılmayıb, onu müəllim ağacla döyüb. Əvvəl üç uşağı, sonra isə bunu döyüb. O uşağın valideynləri də çıxış edirdi. Axşam mən elə başa düşdüm ki, onlar qardaşımgilə üzr istəməyə gəliblər ki, məsələni ört-basdır edin, şikayətçi olmayın. Mən elə anladım”.

 

Bakıda döyüldüyünü deyən Nahid Cavadovun atası Zaur Cavadovun evi Goranboy rayonunun Balakürd kəndindədir. Hazırda demək olar ki, evdə yaşayış yoxdur. Kənd icra nümayəndəliyindən verilən məlumata görə, Zaur atası ilə birlikdə kəndi tərk edərək 3 il əvvəl Bakıya köçüb.

 

Məsələ ilə bağlı maraqlı məqamlardan biri uşağın atası Zaur Cavadovun mətbuata verdiyi açıqlamalarda bir-biri ilə uyğun gəlməyən məqamların çox olmasıdır. O, jurnalistlərin “oğlunuza niyə gec-gec baş çəkirsiniz?” sualını əvvəlcə rayonda yaşaması, maddi imkansızlıq səbəbilə Bakıya gəlib-gedə bilməməsi ilə əsaslandırmağa çalışıb. Daha sonra aparılan araşdırma zamanı məlum olub ki, Zaur Cavadov özünün iddia etdiyi kimi Goranboy rayonunda yaşamır. Balakürddə olan zaman Nahidın atası Zaur Cavadovla telefon əlaqəsi yaratdıq. O, əvvəlcə Balakürddə olduğunu deyib, çəkiliş qrupumuzun kənddə olduğunu biləndə Balakürddə deyil, Gəncədə olduğunu söyləyib, “biz indi Gəncəyə qayıdırıq, sizdən açıqlama almaq istəyirik” dedikdə isə, “Gəncədə deyil, Bakıdayam” cavabı verib. Zaur Cavadov israrla “oğlumu döyməyiblər, o yıxılıb” deyir. Amma onun oğluna gec baş çəkməsinin rayonda yaşaması ilə əsaslandırması, bu əsaslandırmanın yalan çıxması, olduğu yerlə bağlı bir dəqiqədə üç fərqli ünvan söyləməsi istər-istəməz Zaur Cavadovun “oğlum yıxılıb” sözlərinin də yalan olduğunu göstərir.

 

Qayıdaq, döyüldüyü iddia edilən Nahidın əmisinə. Xanlar Cavadov da balaca Nahidın yıxılması versiyasını inandırıcı saymır. Onun sözlərinə görə, Nahidın öz dilindən açıqlamalarını ilk dəfə televiziyada görüb: "Axşam televiziyaya baxırdım. Təsadüfən gördüm ki, bir uşaq başına gələn hadisə ilə bağlı izahat verir. Bir də gördüm ki, yazılıb Cavadov Nahid Zaur oğlu. Yerimdən dik atıldım. Durub ekrana yaxınlaşdım. Gördüm, uşaq danışır ki, məktəbdə müəllim əvvəl iki uşağı döydü, sonra isə məni. Gəlib taxtanı başıma necə vurdusa, yıxıldım. Qalxanda gözümün altına vurdu. İki gözünün altının həqiqətən gömgöy olduğunu televiziyada gördüm. Dərhal Bakıya zəng elədim. Dedim ki, uşağınızı göstərirlər. Gözlərinin altı gömgöydür, bu nə deməkdir? Qardaşım mənə dedi ki, bu saat başımız qarışıqdır, məsələni özümüz gəlib danışarıq”.

 

Xanlar Cavadov qardaşının sakit, üzüyola insan olduğunu deyib və qeyd edib ki, ola şikayət etməmək üçün hansısa yolla dilə tutublar: "Zaur çox gözəl insandır. Ola bilər, onu dilə tutublar. Çox mağmın insandır. Ola bilər ki, aldadıblar, nə iləsə şirnikləndiriblər ki, şikayət etməsin”.

 

Xatırladaq ki, Əmircanda yerləşən 7 saylı internat məktəbdə azyaşlı Nahid Zaur oğlu Cavadovun müəllim tərəfindən işgəncəyə məruz qaldığı, rezin dəyənəklə döyüldüyü barədə məlumatlar yayılıb. Təhsil Nazirliyinin məlumatla bağlı yaydığı açıqlamada Nahidın sanitar qovşağında yıxıldığı bildirilsə də, bir gün sonra sosial şəbəkələrdə yayılan videogörüntüdə Nahid hadisənin təfərrüatlarını danışıb və Afaq adlı müəllimə tərəfindən döyüldüyünü bildirib. Nahidın yıxılması versiyasında israr edən atası onun öyrədilərək bu sözləri dediyini bildirsə də, videogörüntünü dəyərləndirən psixoloqlar başqa fikirdədir. Onların uşağın hadisəni danışarkən məntiqi ardıcıllığa riayət etdiyini, nitqində qırılmalar olmadığını, danışan zaman hadisəni sanki yaşadığını əsas gətirərək Nahidın həqiqəti söylədiyini düşünürlər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1686
avatar

Oxşar yazılar