Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Mingəçevir şəhərində vətəndaşları qəbul edib. Bu barədə Lent.az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib. Ümumilikdə qəbulda 30-dək vətəndaş iştirak edib.
Qəbulda Mingəçevir və Yevlax sakinləri ilə yanaşı, bir sıra məcburi köçkün rayonlarından olan sakinlər də iştirak ediblər.
Görüşdə vətəndaşların çoxsaylı müraciətləri, problemləri dinlənilib. Müraciətlər daha çox bölgə əhalisinin təhsil, təlim-tərbiyə sahəsində qarşılaşdıqları çətinliklərlə bağlı olub.
Bundan başqa, sakinlər Komissiya sədrinə orta məktəblərdə buraxılış imtahanları ilə bağlı təkliflərini, qəbul imtahanlarına dair rəy və sorğularını bildiriblər. Orta ümumtəhsil müəssisələrində çalışan müəllimlər və gənclər gələcəkdə sınaq imtahanlarının daha çox keçirilməsi təklifi ilə çıxış ediblər.
Qəbul zamanı TQDK-nın səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara göndəriləcək və vətəndaşların problemlərinin həllinə çalışılacaq.