Müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti yerləşdirilməsi üçün 4 mindən çox vakansiya elan olunacaq.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Lent.az-a bildirib ki, müvafiq keçid balını toplayan, lakin müsahibə mərhələsində iştirak etməyən namizədlər 7-8 sentyabr tarixlərində keçiriləcək növbəti yerləşdirmədə iştirak edə bilərlər. Sonrakı bir neçə gün ərzində nəticələr bilinəcək.
Qeyd edək ki, müsabiqənin yekun mərhələsi (müsahibə) başa çatıb. Müsahibədə iştirak edənlərdən 4454 nəfəri müəllim adını qazanıb. Müsahibədən uğurla keçib müəllim adını qazanan namizədlər sentyabrın 5-dək təyin olunduqları müəssisələrdə və ya yerli təhsili idarəetmə orqanlarında qeydiyyatdan keçməlidirlər.
Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 29-30 avqust tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) zəng edə, [email protected] və Vətəndaşların Qəbulu Mərkəzivasitəsi ilə qeydiyyatdan keçə bilərlər.