Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin döyüş hazırlığını yoxlamaq məqsədilə Mərkəzi Komanda Məntəqəsində olub. Nazirlikdən Lent.az-a verilən məlumata görə, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Hərbi Hava Qüvvələrində qısa müddət ərzində döyüş hazırlığının yüksəldilməsi məqsədilə görülən işlər barədə nüdafiə nazirinə məruzə edib.
Ən müasir avtomatik idarəetmə sistemləri ilə təchiz edilmiş məntəqədə yaradılan şəraitlə tanış olan naziri Hərbi Hava Qüvvələri tərəfindən hava məkanındakı kəşfiyyat məlumatlarının toplanılması, təhlili, o cümlədən qərarların vaxtında qəbul edilməsinin vacibliyini şəxsi heyətin diqqətinə çatdırıb.
Z. Həsənov Hərbi Hava Qüvvələrinin idarə edilməsi, iş bacarığının təkmilləşdirilməsi, modelləşdirmə proqramı əsasında Hərbi Hava Qüvvələrinin döyüş fəaliyyətlərini idarə edən heyətin praktiki vərdişlərinin artırılması, özünün və düşmən aviasiyasının, hava hücumundan müdafiə vasitələrinin imkanları, xüsusiyyətləri, döyüş tətbiqinin analiz edilməsi barədə Hərbi Hava Qüvvələri komandanlığı qarşısında tapşırıq qoyub.