Milli Televiziya və Radio Şurası telekanallara “Azerspace-1” peykinə keçmək üçün müraciət edib. Bu barədə Lent.az-a məlumat verən MTRŞ sədrinin köməkçisi Toğrul Məmmədov bildirib ki, artıq ölkə ərazisində fəaliyyət göstərən bütün telekanallara məktub göndərilib. Onun sözlərinə görə, 36 min kilometr hündürlükdə, ekvator üzərində 46 dərəcə şərq uzunluğunda, geostasionar orbitdə yerləşən "Azərispace-1" peyki vasitəsi ilə KU və C tezlik diapazonunda Avropa, Orta və Mərkəzi Asiya, Avropa, əksər Afrika ölkələri və bütün MDB ölkələrində televiziya və radio təşkili mümkündür.
Toğrul Məmmədov bildirib ki, “Azərispace-1”peykinə qoşulmaqla Azərbaycanda daha keyfiyyətli və dayanıqlı teleradio mümkündür. Bundan başqa xarici peyklərin xidmət qiymətlərindən daha sərfəli və ucuz olacaq. Həmçinin ölkə daxilində fasiləsiz, operativ müştərilərə dəstək xidmətinin təşkili “Azərispace-1” peykinin daha bir üstünlüklərindəndir.
Rabitə və İnformasiya Texnologiyaları nazirinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov Lent.az-a açıqlamasında bildirib ki, telekanallarla müqavilə martın 15-dən etibarən bağlanacaq.
Qeyd edək ki, peyk mart ayının ortalarından etibarən azərbaycanlı mütəxəssislərin istifadəsinə veriləcək. Aprelin 1-dən Azərbaycan kanallarının peyk vasitəsilə yayımına başlanacaq. Nazir bildirib ki, may ayından etibarən isə əvvəlcədən bağlanmış müqavilələrə əsasən peyk kommersiya məqsədilə də istifadə olunacaq.