2018/2019-cu tədris ili üçün Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə Azərbaycan Respublikası vətəndaşları üçün tələbə qəbulu elan edilib. Bu barədə Lent.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Məlumata görə, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan Respublikası vətəndaşlarının təhsil alması üçün 3 yer ayrılıb.
Müsabiqədə iştirak etmək istəyən abituriyentlər 17-23 may tarixlərində (şənbə və bazar günləri istisna olmaqla) DİM-də təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında (SQK) qeydiyyatdan keçməlidirlər.
Müsabiqədə iştirak etmək hüququna 2018-ci il may 15-dək 19 yaşı tamam olmayan, II və ya III ixtisas qrupu üzrə 13 may 2018-ci il tarixində keçirilən qəbul imtahanında iştirak edən (qəbul imtahanını rus dilində verən), attestat qiymətləri (cari ilin məzunlarının birinci yarım il üzrə qiymətləri) 4 və 5 olan Azərbaycan Respublikasının vətəndaşları malikdirlər.
Ali təhsil müəssisəsi tələbəsi və ya məzunu olan şəxslər bu müsabiqədə iştirak etmək hüququna malik deyillər.
Müsabiqəyə DİM tərəfindən 13 may 2018-ci il tarixində keçirilən II və ya III ixtisas qrupları üzrə test imtahanında iştirak edən abituriyentlər qatıla bilərlər. “Beynəlxalq iqtisadi əlaqələr” və “Beynəlxalq münasibətlər” ixtisasına qəbul olmaq istəyənlər II ixtisas qrupu üzrə, “Beynəlxalq hüquq” ixtisasına qəbul olmaq istəyənlər isə III ixtisas qrupu üzrə imtahan vermiş olmalıdırlar.
Test imtahanı nəticəsində 500 və daha yüksək bal toplamış, xarici dil fənnindən nisbi balı 50-dən az olmayan abituriyentlər müsahibəyə buraxılırlar.
Müsahibə tarixi ilə bağlı əlavə məlumat veriləcək. Müsahibədə abituriyentlərin ümumi dünyagörüşü yoxlanacaq.
Müsabiqədə ən yüksək nəticə göstərən 3 nəfərin namizədliyi MDBƏİ-yə ödənişsiz təhsil forması üzrə təhsil alması üçün təqdim olunacaq.
İkinci mərhələ MDBƏİ tərəfindən Moskva şəhərində 6 və 10 iyulda keçiriləcək. Bu mərhələdə abituriyentlərin seçdikləri fakültədən asılı olmayaraq rus və əlavə bir xarici dil üzrə müsabiqədən kənar test imtahanında iştirak etməlidirlər. “Beynəlxalq iqtisadi münasibətlər fakültəsi”nə qəbul olmaq istəyənlər bundan əlavə riyaziyyatdan da imtahan verməlidirlər.