Son beş ildə genişzolaqlı rabitə xidmətinin qiyməti 82 faiz ucuzlaşıb
Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində xidmətlərə tələbatın artdığını və genişzolaqlı internetə çıxış qiymətinin ucuzlaşdığını açıqlayıb.
Lent .az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, mobil rabitə abunəçilərinin sayı 7 milyard nəfərə yaxındır və bu, 2014-cü ilin əvvəlində artacaq.
BTİ dünyada internet istifadəçilərinin sayının artacağını da bildirir. 2013-cü ilin sonunda istifadəçilərin sayı 2,7 milyard nəfər olacaq. Lakin inkişaf etməkdə olan ölkələrdə internetə çıxış məhdud qalacaq. Avropa əhalinin internetə çıxışının təmin edilməsində liderliyi qoruyur. Qitə sakinlərinin 75 faizi internet istifadəçisidir.
Mobil rabitə xidmətlərindən və internetdən istifadə həm inkişaf etməkdə olan ölkələrdə, həm də inkişaf etmiş ölkələrdə daha asanlaşıb. Son beş ildə genişzolaqlı rabitə xidmətinin qiyməti 82 faiz ucuzlaşıb. Bu, evlərdən xidmətə qoşulanların sayını daha da artırıb.