Təhsil Nazirliyində Milli Valideyn-Müəllim Assosiasiyasının (AMVMA) üzvləri ilə görüş keçirilib. Bu barədə Lent .az-a Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Tədbirdə təhsil naziri Misir Mərdanov, Təhsil Nazirliyinin müvafiq struktur bölmə rəhbərləri, AMVMA-nın icraçı direktoru Təranə Şərifova, ümumtəhsil məktəblərinin rəhbərləri, Valideyn-Müəllim Assosiasiyalarının (VMA) sədrləri, müəllim və valideynlər iştirak ediblər.
Öncə görüş iştirakçıları Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri giriş sözü ilə açan təhsil naziri M. Mərdanov görüşün əsas məqsədinin valideynlərin tədris prosesinə cəlb edilməsindən və məktəblərin idarə edilməsinə ictimai nəzarətin daha da gücləndirilməsi məsələlərinin müzakirəsindən ibarət olduğunu diqqətə çatdırıb.
M. Mərdanov ictimaiyyətin təhsil müəssisələrinin fəaliyyəti haqqında daha dolğun məlumatlandırılması baxımından VMA - ların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. Nazir, həmçinin təhsil ocaqlarında yaranan problemlərin aradan qaldırılması işində VMA-ların fəaliyyətinin daha səmərəli təşkil edilməsinin zəruriliyini nəzərə çatdırıb.
Tədbirdə ümumtəhsil məktəblərinin VMA üzvləri, məktəb rəhbərləri, müəllimlər, valideynlər çıxış edib və bir sıra təkliflər səsləndiriblər.
Sonda bir sıra təhsil işçiləri «Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi» döş nişanı ilə təltif olunub, ümumtəhsil məktəblərinin fəal VMA üzvlərinə sertifikatlar təqdim edilib.