“Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına dair iclasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması məsələlərinə toxunub. Bundan başqa “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda da dövlət başçısı bu məsələlərlə bağlı ciddi tapşırıqlar verib”. Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov Təhsil Nazirliyində ”2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na dair Məlumat İdarəetmə Sisteminin və yeni veb-saytın hazırlanması ilə bağlı təqdimatda çıxışında bildirib.
Nazirin sözlərinə görə, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının yanvar ayında keçirilən iclasında bu məsələ müzakirə olunub. “İclasda bizə də irad tutdular, tövsiyələr verdilər”-deyə, nazir əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasında təhsil idarəçiliyinə məsul vəzifəli şəxslərin iştirakı ilə geniş tərkibli iclası keçirilib. İclasda təhsildə olan problemlərə toxunulub, islahatların və xüsusilə korrupsiyanın qarşısının alınması məqsədilə əlavə tədbirlərin daim və davamlı şəkildə həyata keçirilməsinin çox mühüm olmasını qeyd edilib. Həmçinin təhsildə həm idarəçiliyin təşkili, həm də məzmunun keyfiyyəti ilə bağlı problemlərin olmasını vurğulanıb və bu halların aradan qaldırılması üçün təxirasalınmaz tədbirlərin görülməsinə ehtiyac olduğu vacib sayılıb.