Bu gün Azərbaycanın Milli Qəhrəmanı Aznaurov İsgəndər Söhrab oğlunun doğum günüdür. Lent.az-ın məlumatına görə, o, 1956-cı ilin 16 avqust tarixində Özbəkistanın Buxara vilayətinin Qala-Asiya kəndində dünyaya gəlib. 1963-cü ildə Daşkənd vilayətinin Akkurqan rayonunda yerləşən Lomonosov adına 1 saylı orta məktəbin 1-ci sinfinə gedən İ.Aznaurov 1973-cü ildə həmin məktəbin 10-cu sinfini bitirib.
İ.Aznaurov 1975-1977-ci illərdə Ukraynanın Çerkassk şəhərində hərbi xidmətdə olub. O, nümunəvi hərbi xidmətə görə dəfələrlə komandanlığın təşəkkürlərinə və Fəxri fərmana layiq görülüb. 1978-ci ildə Daşkənd Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və İrriqasiya Mühəndisləri İnstitutuna daxil olub. 1983-cü ildə ali təhsili başa vurub təyinatla Daşkənd vilayətinin Akkurqan rayonu Qalyakudur savxozuna göndərilib. 1989-cü ildə Özbəkistanın Fərqanə vadisindəki qanlı olaylardan sonra İsgəndər də yüzminlərlə axiskalı kimi oranı tərk etməyə məcbur olub. 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycana gəlib. İsgəndər və onun ailəsi Şəmkirin Kür qəsəbəsində məskunlaşıb. Hərbi xidmətdə olarkən topçuluğun sirlərinə yiyələnən İsgəndər 1992-ci ilin mart ayında Milli Orduya könüllü olaraq gedib. Onu Gədəbəy rayonunun Şınıx kəndində “N” saylı hərbi hissənin artilleriya üzrə komandir müavini təyin edilib.
18 aprel 1993-cü ildə Aznaurov İsgəndər döyüşdə qəhrəmancasına həlak olub.
Azərbaycan Respublikasının Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütovlüyünün qorunmasında, Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borclarını şərəflə yerinə yetirilməsində misilsiz xidmətinə görə baş leytenant Aznaurov İsgəndər Söhrab oğluna ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adı verilib. “Qızıl ulduz” medalı ilə təltif olunub.
Şəmkir rayonunun Kür qəsəbəsindəki 1 saylı orta məktəb İsgəndər Aznaurovun adını daşıyır. Məktəbin qarşısında onun büstü ucaldılıb. 2 saylı orta məktəbdə isə onun adına “Xatirə muzeyi” yaradılıb. Burada qəhrəmanın həyatını, keçdiyi döyüş yolunu əks etdirən fotostendlər qurulub, şəxsi əşyaları toplanıb. Şəmkir rayonunda Ceyrançöldə salınmış qəsəbəyə “İsgəndər” adı verilib. Eləcə də, Gədəbəydə “N” saylı hərbi hissənin önündə isə büsdü ucaldılıb, Şınıx kəndinin Mormor yüksəkliyində “İsgəndər qalası” və ön cəbhədə salınmış “İsgəndər postu” hələ də düşmən üçün bir səddir. İsgəndərin istifadə etdiyi KS19 topu isə hələ də nümunə olaraq saxlanılır.
Milli qəhrəman evli olub. 3 qız övladı var.